Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub və qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu ilin may ayında başlanılan təmir işləri çərçivəsində 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247 ev yararsız, 790 ev qismən yararlı vəziyyətdədir. Planlara əsasən, 2025-ci ilin sonunadək 40 evin, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri tam başa çatdırılıb.
İlkin mərhələdə 30 ailə olmaqla 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə — öz dədə-baba yurdlarına qayıdıblar.
Kərkicahan qəsəbəsində sosial infrastrukturların bərpası istiqamətində də mühüm işlər görülüb: su, elektrik və qaz xətləri yoxlanılıb, 2 km yeraltı optik kabel, 510 m elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb.
Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəb əsaslı təmir olunub. Məktəb binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək və məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbin həyətyanı sahəsində açıq idman meydançası yaradılıb.
Dövlət başçısı həmçinin Kərkicahan sakini Yadigar Əsədovanın evində olub, ailə üzvləri ilə görüşüb.
Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Hazırda Kərkicahanda 674 ailə, ümumilikdə 2531 sakin qeydiyyatdadır.
Bütün bu işlər işğaldan azad olunmuş ərazilərdə sosial həyatın canlanmasına, sakinlərin öz doğma yurdlarına qayıdışının sürətlənməsinə və təhsil infrastrukturunun müasir standartlara uyğun qurulmasına xidmət edir.














