Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətdə olan Sosialist Partiyasının (PS) namizədi Antonio Joze Sequru səsvermənin qalibi olub. Rəsmi nəticələrə əsasən, Sequru seçicilərin 66,2 faizinin dəstəyini qazanaraq ölkənin yeni prezidenti seçilib.
Ölkədə on bir milyondan artıq seçici iki müddət ardıcıl prezident postunu tutduqdan sonra yenidən namizəd ola bilməyən Marselu Rebelo de Souzanın yerinə keçəcək dövlət başçısını müəyyənləşdirmək üçün sandıq başına gedib.
Milli Seçki Komissiyasının açıqladığı məlumatlara görə, ifrat sağçı “Chega” partiyasının lideri Andre Ventura isə 33,8 faiz səs toplayıb.
Bu nəticə ilə 63 yaşlı Antonio Joze Sequru, Portuqaliyada 1974-cü il “Qərənfillər inqilabı”ndan sonra formalaşan demokratik sistemin tarixində 8-ci prezident olub.
Baş nazir Luis Monteneqro ikinci turun nəticələrini şərh edərək, Sequrunun prezident seçildiyini təsdiqləyib. Porto şəhərində jurnalistlərə açıqlama verən Monteneqro, partiyasının prezident seçkilərində məğlub olmasına baxmayaraq, azlıq hökumətinin fəaliyyətini davam etdirəcəyini və Portuqaliya cəmiyyətinin əsas gözləntisinin siyasi sabitlik olduğunu bildirib.
Yeni seçilmiş prezident Antonio Joze Sequru da Sosialist Partiyasının seçki gecəsi üçün seçdiyi Kaldas da Rainya Mədəniyyət Mərkəzinə yollanarkən qısa açıqlama verib. O, Portuqaliya xalqına təşəkkür edərək deyib:
“Portuqaliya xalqı möhtəşəmdir. Onlar dünyanın ən yaxşı insanlarıdır və demokratiyaya dərin bağlılıq nümayiş etdirdilər. Xalqın etimadını qazandığımı düşünürəm. Bu, çox gözəl nəticədir. Məqsədim ölkəmə xidmət etməkdir. Mən yalnız gələcəyə baxıram.”
Qeyd edək ki, Sequru 2011–2014-cü illərdə Sosialist Partiyasının lideri, 2001–2002-ci illərdə isə baş nazirin müavini vəzifəsində çalışıb.
“Chega” partiyasının lideri Andre Ventura da nəticələri qəbul etdiyini bildirərək, “Seçkini Sequru qazandı. Ona uğurlu prezidentlik dövrü arzulayıram. Ölkənin məsuliyyətli siyasətçilərə ehtiyacı var,” deyə açıqlama verib.
Şiddətli yağışlar və əlverişsiz hava şəraitinə baxmayaraq keçirilən seçkilərdə seçici fəallığı 51 faiz səviyyəsində qeydə alınıb. Portuqaliya demokratiya tarixində prezident seçkilərinin ikinci dəfə ikinci tura qalması ilə də diqqət çəkib.
Xatırladaq ki, 18 yanvar tarixində keçirilən birinci turda Sequru 31 faiz, Ventura isə 23 faiz səs toplamışdı. Hakim Sosial Demokrat Partiyasının (PSD) namizədi Luis Markeş Mendeş isə cəmi 11 faiz səs alaraq seçkini beşinci yerdə başa vurmuş və ikinci tura yüksələ bilməmişdi.
Hazırda Portuqaliyada sosial bərabərsizlik, aşağı əməkhaqları, mənzil əldə etmə problemləri, miqrantların hüquqlarını məhdudlaşdıran qanunlar və Baş nazir Luis Monteneqronun rəhbərlik etdiyi mühafizəkar hökumətin işçi hüquqları ilə bağlı siyasəti əsas müzakirə mövzularıdır.
Son iki ildə iqtisadi artımın təxminən 2 faiz, işsizlik səviyyəsinin isə 6 faizdən bir qədər yüksək olduğu ölkədə, 11 dekabr tarixində son illərin ən kütləvi ümumxalq tətili baş tutmuşdu. Luis Monteneqro 2024-cü ilin aprelindən etibarən baş nazir vəzifəsini icra edir.