Polşada rekord hərbi parad keçirildi

Polşa Silahlı Qüvvələri Günündə Varşava və Qdinyada rekordmiqyaslı hərbi parad keçirilib. Tədbirdə 300-dən çox hərbi texnika, 60-a yaxın təyyarə və 20-dən çox gəmi iştirak edib.

60

Polşada Silahlı Qüvvələr Günü münasibətilə ölkənin müasir tarixinin ən irimiqyaslı hərbi nümayişlərindən biri keçirilib. Müdafiə Nazirliyi builki tədbiri nümayiş etdirilən hərbi texnikanın miqyasına görə Polşa Silahlı Qüvvələri tarixində ən böyük parad kimi təqdim edib. 

MSNews.az xəbər verir ki, avqustun 15-də əsas quru və hava paradı Varşavada, dəniz paradı isə Qdınya sahillərində təşkil olunub. “Polskie Radio”nun məlumatına görə, tədbirə təxminən 2 min hərbçi, 300-dən çox hərbi texnika və 60-a yaxın hava aparatı cəlb olunub. Baltik dənizində keçirilən ayrıca paradda isə 20-dən çox hərbi gəmi iştirak edib.

Parada Polşa hərbçiləri ilə yanaşı ABŞ, Kanada, Avstraliya, Litva, Estoniya, İsveç, Rumıniya və Fransa kimi müttəfiq ölkələrin hərbçiləri də qatılıblar. Ən böyük xarici kontingent Fransaya məxsus olub və onun tərkibində Fransa Xarici Legionunun bölməsi də yer alıb.

Tədbirin diqqətçəkən məqamlarından biri Polşanın yeni F-35A “Husarz” qırıcılarının Silahlı Qüvvələr Günü paradında ilk dəfə nümayiş etdirilməsi olub. Polşa ABŞ-dan ümumilikdə 32 F-35 sifariş edib, ilk üç təyyarə isə 2026-cı ilin mayında ölkəyə gətirilib. “Reuters” iyunda Polşanın NATO-nun şərq cinahında F-35-i öz ərazisində istismar edən ilk ölkəyə çevrildiyini yazmışdı.

Varşavada həmçinin “Abrams” və K2 tankları, “Borsuk” və “Rosomak” zirehli maşınları, “Krab” haubitsaları, HIMARS və “Patriot” sistemləri, F-16 qırıcıları, “Apache”, “Black Hawk” və AW149 helikopterləri nümayiş etdirilib.

Baş nazir Donald Tusk isə Qdınyada keçirilən dəniz paradında ölkənin hərbi gücünün artırılmasının əsas məqsədinin müharibənin qarşısını almaq olduğunu bildirib:

“Biz müharibənin qarşısını almaq istəyirik. Ondan yalnız güclü, yaxşı hazırlanmış, müstəqil və suveren olanlar yayına biləcəklər”.

Tusk təhlükəsizliyin dörd əsas dayağa — böyük hərbi investisiyalara, qorunan sərhədlərə, real ittifaqlara və güclü iqtisadiyyata söykənməli olduğunu vurğulayıb. Polşa Müdafiə Nazirliyi hazırda ölkə ordusunda təxminən 220 min hərbçinin xidmət etdiyini, uzunmüddətli hədəfin isə Silahlı Qüvvələrin ümumi potensialını 500 min nəfərə çatdırmaq olduğunu bildirib.

Parad Polşanın 1920-ci il Varşava döyüşündə bolşevik qüvvələri üzərində qələbəsinin 106-cı ildönümünə təsadüf edib. Tədbirlər bu il “Polska SAFE – Bezpieczna Polska” şüarı altında keçirilib.