Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinə İlqar Bayramlı direktor təyin edilib.
İlqar Bayramlı 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə AMEA Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar üzrə aspirantura təhsili alıb, iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində biliklər əldə edib.
Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. Fərqli illərdə “Neftçi” Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də isə maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə maliyyə intizamının qurulması, strateji planlaşdırma və investisiya qərarlarının əsaslandırılması sahəsində təcrübə qazanıb.
2020–2022-ci illərdə “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, “AzGranata” MMC-də isə Maliyyə departamentinin rəhbəri və İdarə Heyəti sədrinin birinci müavini kimi çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını icra edib.
2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin İqtisadiyyatı Şöbəsində müdir müavini, daha sonra şöbə müdiri kimi fəaliyyət göstərib. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılması, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və resursların səmərəli bölgüsü işlərində iştirak edib.
2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən İlqar Bayramlı, təhsildə innovativ maliyyə alətləri, layihə əsaslı yanaşmalar və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqinə rəhbərlik edib.