Minskdə ŞƏT üzv dövlətlərinin iştirakı ilə keçirilən “Avrasiya-Antiterror 2026” beynəlxalq təlimində İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölmələrinin iştirakı Tehranın regional təhlükəsizlik siyasətində verdiyi daha geniş mesaj kimi qiymətləndirilə bilər.
Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, İranın təlimlərə nizami ordudan – Artesh-dən deyil, məhz SEPAH-ın xüsusi təyinatlı bölmələrindən hərbçilər göndərməsi təsadüfi seçim deyil.
“Təlimin ssenarisi terrorçu qrupların zərərsizləşdirilməsi, şəhər mühitində əməliyyat və girovların azad edilməsinə əsaslanırdı. İran daxilində isə məhz bu tip asimmetrik və xüsusi əməliyyatlarda SEPAH daha böyük təcrübəyə malikdir”.
Əliyevin fikrincə, 33-cü “Əl-Mehdi” briqadası və “Sabirin” xüsusi təyinatlı qüvvələrinin iştirakı həm əməliyyat təcrübəsinin nümayişi, həm də siyasi siqnal xarakteri daşıyır.
“Bu, hərbi güc dili ilə aparılan sərt diplomatiyadır. İran ən təcrübəli və ideoloji baxımdan etibar etdiyi bölmələrini Avrasiyanın mərkəzinə çıxarmaqla göstərir ki, Qərbin təzyiqlərinə qarşı ŞƏT məkanında daha dərin hərbi koordinasiyaya hazırdır”.
Pərviz Əliyev hesab edir ki, məsələnin digər mühüm tərəfi SEPAH-ın beynəlxalq səhnədə hansı statusda təqdim edilməsidir.
Onun sözlərinə görə, ABŞ və bəzi Qərb dövlətlərinin SEPAH-a münasibəti fonunda bu qüvvələrin ŞƏT çərçivəsində rəsmi hərbi təlimdə iştirakı Tehran üçün xüsusi siyasi əhəmiyyət daşıyır.
“İran burada açıq şəkildə göstərməyə çalışır ki, Qərbin SEPAH-la bağlı yanaşması Avrasiya gücləri üçün qəbul edilmiş norma deyil. Çin, Rusiya və digər tərəfdaşların iştirak etdiyi platformada SEPAH dövlətin rəsmi təhlükəsizlik strukturu kimi təqdim olunur”.
Əliyev bunu Qərbin İran ətrafındakı hərbi mövcudluğuna qarşı simmetrik olmayan geosiyasi cavab kimi dəyərləndirir.
“Qərb illərdir Fars körfəzi və İran sərhədləri ətrafında öz hərbi imkanlarını genişləndirir. Tehran isə indi cavab olaraq öz elit qüvvələrini Avrasiyanın dərinliyinə, NATO-nun şərq istiqamətinə yaxın coğrafiyaya çıxarır”.
Siyasi araşdırmaçının fikrincə, İranın ən məxfi və döyüş təcrübəli bölmələrini Belarusa göndərməsi Minskə olan etimadın da göstəricisidir.
“Belə bölmələrin xaricdə keçirilən təlimlərə göndərilməsi adi protokol addımı deyil. Bu, qarşı tərəfə etimadın yüksək səviyyəsini göstərir”.
Əliyev hesab edir ki, proses gələcəkdə İranın Belarus, Rusiya və Çinlə müdafiə əməkdaşlığının dərinləşməsi üçün zəmin yarada bilər.
“Sanksiyalar və Qərbin siyasi-hərbi təzyiqi artdıqca Tehranın Minsk, Moskva və Pekinə daha çox yaxınlaşması təəccüblü deyil. İran təhlükəsizlik arxitekturasını artıq təkcə Yaxın Şərq çərçivəsində deyil, Avrasiya məkanında qurmağa çalışır”.
Onun qənaətinə görə, SEPAH-ın Belarusdakı iştirakı sadəcə bir antiterror təlimi kimi deyil, İranın yeni çoxqütblü təhlükəsizlik sistemində öz yerini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilməlidir.