Polşada “Pegasus” casus proqramından istifadə ilə bağlı aparılan istintaqda yeni faktlar üzə çıxıb. Ekspertlər sistemin istifadəçilərin xəbəri olmadan mobil telefonlardan məlumat topladığını və əldə edilən məlumatların Polşa sərhədlərindən kənara ötürüldüyünü müəyyən ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Polşa Milli Prokurorluğu oktyabrın 12-də ölkənin Daxili Təhlükəsizlik Agentliyinin (ABW) ekspert rəyinə əsasən açıqlama yayıb.
Ekspertlərin qənaətinə görə, “Pegasus” sistemi mobil cihazlardakı geniş həcmli məlumatlara, o cümlədən yazışmalara və digər şəxsi məlumatlara istifadəçilərin xəbəri və razılığı olmadan çıxış imkanı yaradıb.
Araşdırmada Polşanın Mərkəzi Antikorrupsiya Bürosunun (CBA) sistemin fəaliyyətinə tam nəzarət etmədiyi müəyyənləşdirilib. Proqramın istehsalçısının əməliyyat məlumatlarının saxlanıldığı infrastruktura çıxış əldə edə bilməsi ehtimalı da qeyd olunub.
Bu barədə “Euronews” məlumat yayıb.
Araşdırılan məsələlər arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti öhdəliklərin yerinə yetirilməməsi və məxfi məlumatların xarici subyektlər üçün əlçatan olması ehtimalı yer alır.
“Pegasus işi” nədir?
“Pegasus” İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış casus proqramıdır. Proqram mobil telefonlardakı mesajlara, zənglərə, fotoşəkillərə, kameraya və mikrofona çıxış əldə etməyə imkan verir. Bəzi hücumlarda istifadəçinin şübhəli keçidə daxil olmasına belə ehtiyac qalmır.
2021-ci ildə “Forbidden Stories” və “Amnesty International” təşkilatlarının koordinasiya etdiyi beynəlxalq jurnalist araşdırmasında 50 mindən çox telefon nömrəsinin potensial izləmə siyahısında olduğu üzə çıxmışdı.
Araşdırmada Azərbaycan da daxil olmaqla bir sıra ölkələr mümkün “Pegasus” müştəriləri sırasında göstərilmişdi. Bununla belə, siyahıda nömrənin olması həmin telefonun mütləq izlənildiyini sübut etmir.
“NSO Group” isə proqramın terrorizm və ağır cinayətkarlıqla mübarizə üçün hazırlandığını bildirərək qanunsuz izləmə ilə bağlı ittihamların bir hissəsini rədd edib.
Polşada aparılan istintaqın nəticələri “Pegasus” sistemindən istifadənin qanuniliyinə və şəxsi məlumatların təhlükəsizliyinə dair sualları yenidən gündəmə gətirib. Araşdırma davam edir.