Paşinyan: “Ermənistan Azərbaycana məhsul ixracına başlayacaq”

Nikol Paşinyan Ermənistanın yaxın vaxtlarda Azərbaycana məhsul ixracına başlayacağını, tərəflərin enerji və nəqliyyat infrastrukturu üzrə də əməkdaşlıq imkanlarını müzakirə etdiyini bildirib.

60

Ermənistan yaxın vaxtlarda Azərbaycana məhsul ixracına başlamağı planlaşdırır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 13-də keçirdiyi brifinqdə bildirib.

MSNews.az xəbər verir ki, Paşinyan “Armenpress” agentliyinin sualını cavablandırarkən Azərbaycanla qarşılıqlı mal ticarətinin inkişaf etdirilməsinin gündəlikdə olduğunu deyib.

“Azərbaycanla qarşılıqlı mal ticarəti ilə bağlı gündəlik var və yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac da olacaq”, – Paşinyan bildirib. O, ixrac ediləcək məhsulların konkret siyahısını açıqlamayıb. Ermənistanın baş naziri hələ 2026-cı ilin yanvarında tərəflərin potensial ticarət məhsullarının siyahılarını mübadilə etdiyini bildirmişdi.

Paşinyan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı üzrə əməkdaşlıq imkanlarının olduğunu da qeyd edib. “Report” onun sözlərinə istinadən yazır ki, tərəflər elektrik ötürücü xətlər, boru kəmərləri, kabellər və dəmir yolu infrastrukturu ilə bağlı ikitərəfli iş aparırlar. Baş nazir həmçinin azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistana səfər etdiyini bildirib.

Enerji əməkdaşlığı istiqamətində konkret infrastruktur hazırlıqları da aparılır. ABŞ, Azərbaycan və Ermənistanın avqustun 10-da yaydığı birgə bəyanatda üç ölkənin TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək elektrik ötürücü xəttinin tikintisini dəstəklədiyi qeyd olunub. Eyni sənəddə Azərbaycan və Ermənistanın ikitərəfli ticarətin artırılması üzərində işləməyə davam etdiyi bildirilib.

Bununla belə, Ermənistanın Azərbaycana hansı məhsulları və hansı tarixdən ixrac edəcəyi, eləcə də elektrik enerjisinin qarşılıqlı alqı-satqısı ilə bağlı konkret kommersiya razılaşmasının əldə olunub-olunmadığı hələ açıqlanmayıb.