Paşinyan: “Azərbaycan hərbçisi hələlik Ermənistanda qalacaq”

Nikol Paşinyan bildirib ki, Şakidə saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı istintaq Ermənistanda davam edəcək. O, hərbçinin Bakıda saxlanılan ermənilərlə dəyişdirilməsi məsələsini ayrı mövzu adlandırıb.

79

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Sünik vilayətinin Şaki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev müəyyən müddət Ermənistanda qalacaq və onun barəsində başlanmış cinayət işi üzrə bütün hüquqi prosedurlar bu ölkədə davam etdiriləcək.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində danışıb.

Baş nazir bildirib ki, istintaq hazırda davam edir və Musayev həbsdə saxlanılır. Onun sözlərinə görə, hərbçinin Ermənistan sərhədini qəsdən keçib-keçmədiyi və ya azdığı da istintaq zamanı müəyyənləşdirilməlidir.

Paşinyan qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan tərəfi bir neçə gün ərzində dronlardan da istifadə etməklə axtarış aparıb. Onun sözlərinə görə, ərazi mürəkkəb olduğundan hərbçinin dərhal aşkarlanması mümkün olmayıb.

Musayevin Bakıda saxlanılan erməni məhbuslarla dəyişdirilməsi ehtimalına münasibət bildirən Paşinyan bu məsələlərin bir-birindən ayrı nəzərdən keçirildiyini vurğulayıb. O deyib ki, əvvəllər də hərbçilərin sərhədi keçməsi halları baş verib və tərəflər belə insidentlərə digər məsələlərdən müstəqil yanaşmağa çalışıblar.

Paşinyan dəyiş-düyüş yanaşmasının presedent yarada biləcəyini də qeyd edib. Baş nazirin sözlərinə görə, hər sərhəd insidentini məhbus mübadiləsi ilə əlaqələndirmək gələcəkdə əlavə problemlər yarada bilər.

Ermənistan tərəfinin məlumatına görə, Musayev oktyabrın 1-də Şaki kəndində saxlanılıb. Onun barəsində qanunsuz sərhəd keçmə, silah qaçaqmalçılığı, qanunsuz silah dövriyyəsi, yaşayış sahəsinə qanunsuz daxil olma və ağır bədən xəsarəti yetirmə maddələri ilə cinayət işi başlanıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bu ittihamlar üzrə onun təqsiri məhkəmə hökmü ilə hələ müəyyən edilməyib.

Azərbaycan tərəfi daha əvvəl Musayevin sentyabrın 26-da Laçın istiqamətində yerləşən hərbi hissədə xidmət yerində olmadığının müəyyən edildiyini və bundan sonra axtarışa başlanıldığını açıqlamışdı.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.