Papa XIV Leo Vatikanda ilk dəfə Milad ayinini idarə etdi

Papa XIV Leo Vatikanın Müqəddəs Pyotr Bazilikasında ilk dəfə Milad ayinini icra edib və çıxışında materializmi tənqid edib.

79

Xristian dünyasında İsa Məsihin doğumunun qeyd olunduğu Milad bayramı münasibətilə Vatikan Dövlətinin başçısı və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo Vatikanda ilk dəfə Milad ayinini icra edib.

Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasında keçirilən Milad ayinində Katolik Kilsəsinin kardinalları, yepiskopları, ruhaniləri, Vatikanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və çoxsaylı dəvətlilər iştirak ediblər.

Əvvəlki Papa Fransiskin 21 aprel tarixində vəfat etməsindən sonra 8 mayda keçirilən konklavda Katolik Kilsəsinin yeni ruhani lideri seçilən Papa XIV Leo bu ayinlə ilk dəfə Milad mərasimini idarə etmiş olub.

Papa XIV Leo ayin zamanı etdiyi çıxışında materializmi tənqid edərək, təhrif olunmuş iqtisadi sistemlərin insanlara bir dəyər deyil, bir əmtəə kimi yanaşdığını bildirib.

Ayin öncəsi Papa bazilikanın qarşısındakı, eyni adı daşıyan meydanda toplaşan və içəri daxil ola bilməyən inanclıları da salamlayıb, onların Milad bayramını təbrik edib.

Müşahidəçilərin diqqətinə görə, Papa XIV Leo sələfi Papa Fransiskdən fərqli olaraq Milad ayinini gecə yarısına daha yaxın saatlarda başlayıb və mərasimi daha uzun müddət davam etdirib. Mətbuatda yayımlanan şərhlərdə bu yanaşmanın Katolik Kilsəsində müəyyən mənada köhnə ənənələrə qayıdışı simvolizə etdiyi vurğulanıb.

Papa XIV Leo sabah Milad ayinindən sonra dünya məsələlərinə dair mesajlarını çatdırdığı ənənəvi “Urbi et Orbi” – “Romaya və dünyaya” müraciətini də edəcək.