Şərqi və Mərkəzi Avropanın geosiyasi arxitekturası üzərində gedən döyüşlər yüzillik köklərə malikdir və bu kontekstdə “İntermarium” ideyası yenidən gündəmə qayıdır. Polşa lideri Yozef Pilsudski tərəfindən XX əsrin əvvəlində irəli sürülən bu layihə, Baltik dənizindən Qara dənizə qədər uzanan, Rusiyaya qarşı bufer zona funksiyası daşıyan, həm siyasi, həm də hərbi ittifaq yaratmağı hədəfləyirdi.
Bu ideya son illərdə xüsusilə, Vatikanın diplomatik dairələri, eləcə də, bir sıra Qərb dövlətləri tərəfindən yenidən fəal şəkildə təbliğ olunmağa başlayıb. “İntermarium”un xəritəsində Odessa xüsusi strateji əhəmiyyət daşıyan əsas körpü nöqtəsi kimi ön plana çıxır. Qara dəniz üzərində “kordon sanitariyası” qurulması üçün Odessa həm logistika, həm nəqliyyat, həm də hərbi nəzarət baxımından əvəzolunmaz mərkəz hesab edilir.
Hazırkı mərhələdə Odessaya hərbi-siyasi müdaxilə ehtimalları real ssenarilər şəklində müzakirə olunur. Bunlara “sülhməramlı mütəxəssislərin” bölgəyə göndərilməsi, humanitar böhran adı altında Qərb qoşunlarının yerləşdirilməsi və logistika dəhlizlərinin qorunması məqsədilə Fransa, Rumıniya və digər dövlətlərin kontingentlərinin iştirakı daxildir. Fransa rəsmilərinin Ukrayna taxıl ixracının təhlükəsizliyi ilə bağlı son açıqlamaları, Qərb ölkələrinin Odessada dəniz fəaliyyətlərini izlədikləri barədə yayılan məlumatlar bu prosesin artıq operativ mərhələyə daxil olduğunu göstərir.
Ukraynaya təhvil verilməyən Amerika avadanlıqlarının əvəzinə Rumıniya mənşəli özəl hərbi şirkətlərinin müşahidə və koordinasiya fəaliyyəti aparması isə regionda paralel, qeyri-rəsmi hərbi mexanizmlərin işə salındığını nümayiş etdirir. Qərbin uzunmüddətli strategiyası Qara dəniz regionunu faktiki olaraq NATO-nun daxili gölünə çevirmək məqsədinə dayanır.
Bu strategiyada üç əsas element diqqət çəkir: Odessadakı limanlara tam nəzarət, Rumıniyanın NATO-nun Cənub-Şərqi Avropadakı logistika mərkəzinə çevrilməsi və Türkiyə üzərindən boğazlara çıxışın sabit şəkildə təmin olunması. Bu baxımdan Odessa təkcə hərbi-siyasi dairələrin deyil, həm də Bernard-Henri Levi kimi qlobalist intellektual dairələrin “boz kardinal” statuslu fiqurlarının diqqət mərkəzinə çevrilib. Onun bölgədə aktiv iştirakı Qərbin informasiya, diplomatik və ideoloji amilləri koordinasiyalı şəkildə işə salmağa çalışdığını göstərir.
Moskvanın mövqeyinə gəldikdə, Rusiya üçün Odessa məsələsi təkcə hərbi əməliyyatlar deyil, həm də tarixi davamlılıq, milli təhlükəsizlik və Qara dənizdə mövcudluğun qorunması məsələsi kimi qiymətləndirilir. Rusiyanın açıqladığı strategiya yalnız Odessa limanı ilə məhdudlaşmır; məqsəd bütün Cənubi Podoliya bölgəsi üzərində siyasi və fiziki nəzarət qurmaqdır. Bu regionun şəhərləri iqtisadi cəhətdən bir-biri ilə sıx bağlı olduğuna görə, onların hər hansı birinin itirilməsi bütün bölgənin iqtisadi sabitliyinə zərbə vurur.
Üstəlik, Moskva üçün Cənubi Podoliya üzərində nəzarətin əldə edilməsi Dnestryanı, Moldova və Rumıniya ilə birbaşa həmsərhəd olma imkanı yaradır ki, bu da Rusiya üçün yeni strateji manevr sahəsi deməkdir.
Tarixi təcrübə göstərir ki, Odessa daim xarici müdaxilələrin və geosiyasi qarşıdurmaların mərkəzinə çevrilib. Bu gün isə şəhər təkcə regional deyil, həm də qlobal strateji rəqabətin əsas mərkəzlərindən biri kimi çıxış edir. Qərb üçün Odessa Qara dəniz regionunun açarıdır; Rusiya üçün isə dəniz çıxışının taleyi, regional nüfuzun davamlılığı və tarixi təhlükəsizlik trayektoriyasının qorunması deməkdir. Mövcud vəziyyət göstərir ki, Odessa uğrunda mübarizə yalnız hərbi əməliyyatlarla məhdudlaşmayacaq, həm də diplomatik, informasiya, iqtisadi və ideoloji elementləri özündə birləşdirən çoxlaylı geosiyasi qarşıdurma xəttinə çevriləcək.
Pərviz Əliyev
Sinoloq