Serbiyalı tennis ulduzu Novak Cokoviç bazar günü Professional Tennisçilər Assosiasiyasından (Professional Tennis Players Association – PTPA) təşkilatından tamamilə uzaqlaşacağını açıqlayıb. O, bu qərarını təşkilat daxilində şəffaflıq və idarəetmə ilə bağlı narahatlıqlar, eləcə də öz səsinin və imicinin necə təmsil olunması ilə əsaslandırıb.
Cokoviç 2020-ci ildə Vasek Pospisil ilə birlikdə tennisçilərin maraqlarının daha güclü təmsil olunması məqsədilə PTPA-nı yaratmışdı. O, “X” platformasında paylaşımında bildirib ki, hazırkı vəziyyətdə onun dəyərləri təşkilatın indiki istiqaməti ilə üst-üstə düşmür.
“Vasek və mən PTPA-nı yaradarkən paylaşdığımız baxışla fəxr edirəm – tennisçilərə daha güclü və müstəqil səs vermək istəyirdik,” – deyə Cokoviç bildirib.
“Lakin artıq aydın olur ki, mənim dəyərlərim və yanaşmam təşkilatın hazırkı istiqaməti ilə uyğun gəlmir.”
24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan Cokoviç bundan sonra diqqətini tennis karyerasına, ailəsinə və idmanda öz prinsipləri və dürüstlüyü ilə uyğun gələn fəaliyyətlərə yönəldəcəyini bildirib.
“Oyunçulara və bu prosesdə iştirak edən hər kəsə uğurlar arzulayıram, lakin mənim üçün bu mərhələ artıq başa çatıb,” – deyə o əlavə edib.
PTPA bazar günü gecə yaydığı bəyanatda təşkilatın tennisçilər tərəfindən yaradıldığını və məqsədinin peşəkar tennisdə daha güclü və şəffaf səs formalaşdırmaq olduğunu bildirib.
“PTPA oyunçular tərəfindən idarə olunur və açıq ünsiyyət, birgə qərarvermə və müntəzəm dialoq prinsipləri əsasında fəaliyyət göstərir. Hər hansı oyunçu ilə bağlı məsələləri müzakirə etməyə hər zaman açığıq,” – deyə bəyanatda qeyd olunub.
Təşkilat mart ayında ATP, WTA, Beynəlxalq Tennis Federasiyası (ITF) və Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinə (ITIA) qarşı anti-rəqabət praktikaları iddiası ilə məhkəmə işi qaldırmışdı. Sentyabrda isə dörd “Böyük Dəbilqə” turnirinin təşkilatçıları da bu iddiaya əlavə edilib. İddiada həmçinin tennisçilərin rifahının lazımi səviyyədə qorunmaması da vurğulanırdı.
Cokoviç həmin vaxt bildirmişdi ki, məhkəmə iddiasının bütün bəndləri ilə razı deyil. Həm ATP, həm də WTA isə irəli sürülən ittihamları qətiyyətlə rədd etmişdi.
PTPA noyabr ayında Avstraliya Açıq turnirinə hazırlıq görən “Tennis Australia” ilə razılaşmaya yaxın olduğunu açıqlamışdı. Yeni “Böyük Dəbilqə” mövsümü 18 yanvar tarixində Melburnda başlayacaq.