Neymar Braziliyanın qələbəsindən sonra Klementə söz atdı

Braziliya Yaponiya üzərində 2:1 hesablı qələbədən sonra Neymarın iqtisadçı Yoahim Klementə ünvanladığı ironik mesaj sosial mediada gündəm olub.

14

Braziliya millisinin ulduzu Neymar dünya çempionatında Yaponiya üzərində qazanılan qələbədən sonra iqtisadçı Yoahim Klementə ironik mesaj ünvanlayıb.

MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Neymar matçdan sonra Klementin Yaponiya ilə bağlı proqnozuna cavab olaraq “Cənab Klement, növbəti dünya çempionatında yenidən cəhd edin” ifadəsini paylaşıb.

Yoahim Klement futbol proqnozları ilə son illərdə diqqət çəkib. Alman iqtisadçı 2014, 2018 və 2022-ci il dünya çempionatlarının qaliblərini əvvəlcədən doğru proqnozlaşdırıb.

2026-cı il mundialı üçün Klementin əsas proqnozu Niderland millisinin çempionluğu olub. Onun modelində iqtisadi, demoqrafik, coğrafi və idman göstəriciləri nəzərə alınır. Bununla belə, Klement özü də modelində təsadüf amilinin böyük rol oynadığını etiraf edib.

Braziliya – Yaponiya oyunu öncəsi isə bəzi media resursları Klementin Yaponiya millisinin sensasiya edə biləcəyi barədə proqnozunu qabardıb. “Economic Times” yazırdı ki, Klementin modeli Braziliya üçün gözlənilməz təhlükə ehtimalını göstərib.

Lakin meydanda ssenari başqa cür inkişaf edib. Yaponiya ilk hissədə hesabı açsa da, Braziliya ikinci hissədə geri dönüş edib. Kazemiro hesabı bərabərləşdirib, Qabriel Martinelli isə 90+5-ci dəqiqədə qələbə qolunu vurub.

Neymarın Klementə ünvanladığı iddia olunan mesaj Braziliya azarkeşləri arasında geniş müzakirə edilib. Fanatlar bunu həm proqnoza cavab, həm də Braziliyanın mundialda hələ də əsas favoritlərdən biri olduğunu göstərən ironik reaksiya kimi qiymətləndiriblər.

Braziliya 1/8 finalda Fil Dişi Sahili – Norveç cütünün qalibi ilə qarşılaşacaq.