Netanyahu “gizli mövzu” ilə bağlı təhlükəsizlik toplantısı keçirdi

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın İrana mümkün hücumu fonunda yüksək səviyyəli təhlükəsizlik toplantısı keçirib. Toplantıda İranın mümkün cavabı və İsrailin hazırlıq səviyyəsi müzakirə olunub.

53

İsrailin Baş naziri Binyamin Netanyahu yüksək səviyyəli müşavirləri və müdafiə qurumlarının rəhbərləri ilə “gizli mövzu” başlığı altında təhlükəsizlik toplantısı keçirib. İsrail mətbuatının məlumatına görə, Qərbi Qüdsdə baş tutan görüşdə ABŞ-ın İrana mümkün hücumu əsas müzakirə mövzusu olub.

Toplantıda Netanyahu, İranla bağlı mövcud vəziyyəti yüksək səviyyəli təhlükəsizlik və müdafiə rəsmiləri ilə ətraflı şəkildə müzakirə edib. İsrailli rəsmilər hesab edirlər ki, ABŞ-ın İrana qarşı həyata keçirə biləcəyi məhdudmiqyaslı hərbi əməliyyat Tehrandakı rejimi devirməyə yetməyəcək. Onların fikrincə, ABŞ Prezidenti Donald Tramp da bu mövqeni bölüşür.

Bu səbəbdən ehtimal olunur ki, ABŞ-ın mümkün hücumu əsasən İranın nüvə və raket proqramlarını hədəf alacaq. Xəbərdə qeyd olunur ki, hətta məhdud hücum ssenarisi belə reallaşarsa, Tehran administrasiyası İsraili hədəfə ala bilər, bu halda isə Tel-Əvivin güclü cavab verəcəyi gözlənilir.

ABŞ-lı yüksək rütbəli bir rəsmi bildirib ki, bölgəyə yönəldilən bütün Amerika hərbi qüvvələri mövqelərinə yerləşdikdən sonra Trampın İranla bağlı hücum göstərişi verməsi ehtimal olunur.

Digər tərəfdən, İrana qarşı bölgədə hərbi mövcudluğunu artıran ABŞ-a məxsus bir hərbi gəminin İsrailin cənubundakı Eilat Limanına yan aldığı bildirilib. İsrail dövlət televiziyası “KAN”-ın məlumatına görə, Trampın son açıqlamalarından sonra İsrail ordusu həm müdafiə, həm də hücum hazırlıqlarını artırıb.

İran məsələsi bu səhər də Tel-Əvividə İsrail ordusunun yüksək rütbəli rəsmilərinin iştirakı ilə keçirilən həftəlik vəziyyətin qiymətləndirilməsi iclasında gündəmə gətirilib.

Adı açıqlanmayan israilli təhlükəsizlik rəsmisi ABŞ hərbi gəmisinin Eilat Limanına yan almasını şərh edərək bildirib:

“Bu addım Vaşinqtonla Tel-Əviv arasında hərbi və təhlükəsizlik koordinasiyasını gücləndirmək məqsədi daşıyır.”