NATO Rusiyaya qarşı yeni plan hazırlayıb: Kalininqrad və Sankt-Peterburq hədəfdə

NATO Rusiyanın mümkün hücumuna qarşı yeni müdafiə konsepsiyasını təqdim edib. Plan Kalininqrad, Sankt-Peterburq ətrafı və Belarusdakı hərbi obyektlərə cavab zərbələrini nəzərdə tutur.

44

NATO Rusiyanın alyans ölkələrinə mümkün hücumunun qarşısını almaq üçün yeni hərbi müdafiə konsepsiyasını təqdim edib. Strategiya çərçivəsində Kalininqrad vilayətində, Sankt-Peterburq yaxınlığında və Belarusda yerləşən hərbi obyektlərə uzaqmənzilli raket zərbələrinin endirilməsi ehtimalı nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, konsepsiyanı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviç oktyabrın 12-də Varşavada keçirilən təhlükəsizlik forumunda təqdim edib.

“Şərq cinahında çəkindirmə təşəbbüsü” adlanan strategiyanın əsas məqsədi Rusiyanın mümkün hücumunu ilkin mərhələdə dayandırmaq və alyansın ərazilərinin işğalının qarşısını almaqdır.

Plana əsasən, NATO sərhəd bölgələrində pilotsuz uçuş aparatları və yerüstü robotlaşdırılmış sistemlərdən ibarət geniş müdafiə zonası yaratmağı nəzərdə tutur. Bu sistemlər mümkün hücumun qarşısını almağa və alyans qüvvələrinin itkilərini minimuma endirməyə xidmət edəcək.

Hücum davam edərsə, uzaqmənzilli raketlərlə Rusiyanın komanda məntəqələri və hava hücumundan müdafiə sistemlərinin hədəfə alınması planlaşdırılır. Bu obyektlər arasında Kalininqrad vilayətində, Sankt-Peterburq ətrafında və Belarusda yerləşən hərbi infrastruktur da göstərilir.

Konsepsiyaya görə, həmin zərbələr qarşı tərəfin qoşunları idarə etmək və hava məkanına nəzarət imkanlarını zəiflətməli, daha sonra NATO-nun quru qüvvələrinin əks-hücuma keçməsinə şərait yaratmalıdır.

Alyansın aviasiyası isə ehtiyat qüvvələrin döyüş bölgəsinə irəliləməsinin qarşısını almaq üçün arxa cəbhədəki hərbi obyektləri hədəfə ala bilər. Əməliyyatların əlaqələndirilməsi məqsədilə müttəfiq ölkələr arasında kəşfiyyat və hədəf məlumatlarının operativ mübadiləsini təmin edən vahid rəqəmsal sistemdən istifadə nəzərdə tutulur.

“Reuters” agentliyinin məlumatına görə, general Qrinkeviç NATO-nun məqsədinin Rusiya ilə müharibə başlatmaq deyil, alyansa qarşı mümkün hücumu dayandırmaq olduğunu vurğulayıb.

Generalın təqdim etdiyi yanaşma üç mərhələyə əsaslanır: ilkin hücumun qarşısını almaq, davam edən irəliləyişi zəiflətmək və hücum qüvvələrinin döyüş imkanlarını sıradan çıxarmaq.

NATO-nun rəsmi məlumatına əsasən, alyans son illərdə şərq cinahında hərbi mövcudluğunu və müdafiə hazırlığını əhəmiyyətli dərəcədə artırıb. Bu tədbirlər Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda həyata keçirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.