NATO-nun “Dynamic Manta 2026” təlimi İtaliyada başladı

NATO-nun Aralıq dənizində keçirilən “Dynamic Manta 2026” dənizaltı müdafiə təlimi İtaliyada start götürüb. Təlimdə Türkiyə daxil 10 ölkə iştirak edir.

27

NATO-nun dənizaltı müdafiə müharibəsi sahəsində müttəfiq ölkələr arasında əməkdaşlığı gücləndirmək və əməliyyat hazırlığını artırmaq məqsədilə təşkil etdiyi “Dynamic Manta 2026” (DYMA 26) hərbi-dəniz təlimi İtaliyada start götürüb.

NATO Müttəfiq Deniz Komandanlığının (MARCOM) təşkilatçılığı və İtaliya Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi ilə keçirilən təlimdə Türkiyə, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya, Almaniya, Böyük Britaniya, Kanada, Fransa və ABŞ daxil olmaqla 10 NATO ölkəsi iştirak edir.

Təlimlər İtaliyanın Sicilya adasında, Kataniya limanından müttəfiq gəmilərin və sualtı qayıqların dənizə çıxması ilə başlayıb. İlk gündə Türkiyəni “Gür” sinifli TCG 1. İnönü sualtı qayığı təmsil edib. Təlimə həmçinin İtaliya və Yunanıstana məxsus sualtı qayıqlar, müxtəlif freqatlar, təminat gəmiləri və AW101 tipli helikopterlər cəlb olunub.

İlk mərhələdə müttəfiq qüvvələr keçid manevrləri, rabitə prosedurları (“Vinceks”), helikopterlə yaxınlaşma, sualtı qayıqların dalış və səthə çıxış məşqlərini icra ediblər. Təlimin məqsədi sualtı təhlükələrə qarşı birgə fəaliyyət, qarşılıqlı uyğunluq və əməliyyat bacarıqlarını artırmaqdır.

Təlimin açılışı zamanı NATO Dənizaltıları Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrindən kontr-admiralı Bret Qrabbe bildirib ki, “Dynamic Manta” NATO-nun Aralıq dənizində keçirilən ən mühüm dənizaltı müdafiə təlimlərindən biridir. Onun sözlərinə görə, təlim çərçivəsində sualtı, suüstü və hava əməliyyat sahələrində inteqrasiya olunmuş fəaliyyət icra ediləcək, sualtı qayıqlar həm “ovçu”, həm də “hədəf” rollarında çıxış edəcək.

Qrabbe Türkiyənin töhfəsini xüsusi vurğulayaraq qeyd edib ki, Türkiyə NATO çərçivəsində yüksək peşəkarlığa malik dənizaltı qüvvələri ilə ilboyu olduğu kimi bu təlimdə də NATO əməliyyat nəzarəti (OPCON) altında fəal iştirak edir.

Qeyd edək ki, “Dynamic Manta 2026” təlimi 6 mart tarixinədək davam edəcək.