Myanmarda 2021-ci ildəki hərbi çevrilişdən sonra keçirilmiş ümumi seçkilərin ardından parlament ilk dəfə toplaşdı. Təhlükəsizlik qüvvələri parlamentə gedən yolları bağlayıb və nəqliyyat vasitələrində yoxlamalar aparıblar.
Alt palata, 373 yerlik Nümayəndələr Palatası üzvləri, 5 ildən artıq müddət sonra bir araya gəlib. Yuxarı palata olan 213 yerlik Senat və 14 regional məclisin 20 martda toplanması gözlənilir. Yeni parlamentin ilk işləri arasında spikerlər, dövlət başçısı və iki müavin seçimi yer alır. Hərbi rəhbər General Min Aunq Hlainqin dövlət başçısı vəzifəsini üzərinə götürəcəyi gözlənilir.
28 dekabr 2025 – 25 yanvar 2026-cı il tarixlərində keçirilmiş seçkilərdə, ordu dəstəkli Birlik üçün Dayanışma ve İnkişaf Partisi (USDP) alt palatada 231, üst palatada 108 yer qazanaraq cəmi 339 yerə sahib olmuşdu.
Myanmar ordusu 2020-ci il seçkilərində saxtakarlıq iddiaları və siyasi gərginlik səbəbi ilə 1 fevral 2021-ci ildə hakimiyyətə əl qoymuş, ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Çii daxil olmaqla bir çox hökumət və partiya rəsmilərini həbs etmişdi.
Hərbi çevriliş və dinc etirazların qanlı şəkildə yatırılması nəticəsində başlanan silahlı müqavimət və ölkə üzrə toqquşmalar 2021-ci ildən bəri təxminən 6 min ölüm və 3 milyon nəfərin yerindən didərgin salınmasına səbəb olub. İnsan Hüquqları Müşahidə Təşkilatının (HRW) 2025-ci il üzrə Dünya Hesabatına görə, çevrilişdən sonra 27 mindən çox insan həbs olunub, bunların təxminən 6 mini qadın, 570-i isə uşaqdır.
Yerindən edilmiş 3 milyon nəfərin böyük hissəsi ölkə daxilində təhlükəsiz bölgələrə sığınsa da, yüz minlərlə insan Tailand, Hindistan və Banqladeş sərhədlərinə yönəlib.