İranın Ali Mürşidi və Silahlı Qüvvələrin Ali Baş Komandanı Müctəba Hüseyni Xameneyi ölkənin ali hərbi rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirərək eyni gündə altı mühüm vəzifəyə yeni rəhbərlər təyin edib.
MSNews.az xəbər verir ki, İranın dövlət xəbər agentliyi “IRNA” avqustun 10-da general-mayor Əli Abdullahinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edildiyini bildirib. Xameneyi onun qarşısında ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir və hibrid təhdidlərə operativ cavab verilməsi, həmçinin Baş Qərargahla “Hatəm əl-Ənbiya” Mərkəzi Qərargahının inteqrasiyasının tamamlanması kimi vəzifələr qoyub. Abdullahi bu postda ABŞ-İsrail zərbəsində öldürülən Əbdürrəhim Musəvini əvəz edib.
Baş Qərargah rəisinin müavini vəzifəsinə isə briqada generalı Kiyumərs Heydəri gətirilib. “Mehr” onun 2016-cı ildən İran ordusunun Quru Qoşunlarına rəhbərlik etdiyini və uzunmüddətli komandanlıq təcrübəsinə malik olduğunu qeyd edir.
Ən diqqətçəkən qərarlardan biri Əhməd Vahidinin SEPAH-ın baş komandanı təyin edilməsidir. Vahidi eyni zamanda general-mayor rütbəsinə yüksəldilib. O, əvvəllər SEPAH-ın “Qüds” qüvvələrinin ilk rəhbərlərindən biri olub, İranın müdafiə naziri və daxili işlər naziri vəzifələrində çalışıb. Mustafa İzadi isə SEPAH komandanının müavini təyin edilib.
Xameneyi həmçinin SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatı rəhbəri Hüseyn Taibi “Bəsic” təşkilatının rəhbəri, kontr-admiral Əli Ozmaeini isə SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edib. “IRNA” bildirir ki, Ozmaei uzun illər Fars körfəzi istiqamətində SEPAH HDQ-də komandanlıq vəzifələrində çalışıb. Taib isə əvvəllər həm “Bəsic”ə rəhbərlik edib, həm də SEPAH-ın kəşfiyyat strukturlarında yüksək vəzifələr tutub.
Beləliklə, bir gündə Silahlı Qüvvələrin Baş Qərargahı, SEPAH, onun Hərbi Dəniz Qüvvələri və “Bəsic” kimi İranın təhlükəsizlik sisteminin əsas strukturlarında rəhbərlik yenilənib. Bununla belə, təyinatları tamamilə yeni hərbi elitanın yaradılması kimi qiymətləndirmək düzgün olmaz. Yeni komandirlərin böyük hissəsi İran-İraq müharibəsindən və sonrakı onilliklərdən geniş hərbi-siyasi təcrübəyə malik sistemdaxili fiqurlardır. “The National” dəyişikliklərin radikal yenilənmədən daha çox təcrübə və davamlılığa üstünlük verildiyini göstərdiyini qeyd edir.
Təyinatlar İranın ABŞ və İsraillə davam edən qarşıdurması fonunda həyata keçirilib. Buna görə dəyişikliklərin ölkənin müharibə dövrü komandanlıq strukturunun möhkəmləndirilməsi və hərbi idarəetmənin yenidən təşkil edilməsi məqsədi daşıdığı qiymətləndirilir.