Müctəba Xameneinin imzası müzakirə yaradır

İranda yayılan rəsmi sənədlərdə Müctəba Xameneinin imzalarının eyni olması şübhələr doğurub və onun vəziyyəti ilə bağlı fərziyyələri artırıb.

17

İranda rəsmi sənədlərlə bağlı ortaya çıxan yeni detallar Müctəba Xamenei ətrafında müzakirələri daha da gücləndirib.

İnternet istifadəçilərinin diqqətini çəkən əsas məqam onun imzası ilə bağlıdır. Bildirilir ki, son iki həftədə yayılan iki ayrı PDF sənəddəki imzalar müqayisə edildikdə onların tam eyni olduğu aşkar olunub. Hətta bəzi hallarda fotokopiya izlərinin də aydın göründüyü qeyd edilir.

Ekspertlər vurğulayır ki, canlı şəkildə atılan imzaların bu qədər dəqiq və identik olması praktiki olaraq mümkün deyil. Bu isə sənədlərin real vaxtda imzalanmadığı və ya əvvəlcədən hazırlanmış şablonlardan istifadə edildiyi ehtimalını artırır.

Digər tərəfdən, Müctəba Xameneinin hələ də ictimaiyyət qarşısına çıxmaması bu iddiaları daha da gücləndirir. Onun adından yayılan müraciətlərin yalnız yazılı formada olması və eyni tip “ştamplanmış” imzalarla təqdim edilməsi sosial mediada müxtəlif fərziyyələrə səbəb olub.

Bu vəziyyət fonunda bəzi mənbələr onun səhhətinin ağır olduğu, hətta həyatını itirdiyi ilə bağlı iddialar irəli sürür. Lakin Iran rəsmiləri tərəfindən bu məlumatlar nə təsdiq, nə də təkzib edilib.

Analitiklər hesab edir ki, rəsmi açıqlamaların olmaması və texniki detallardakı bu cür uyğunsuzluqlar ölkədəki siyasi vəziyyətlə bağlı qeyri-müəyyənliyi daha da artırır.