“Mossad”-dan yüzlərlə zəng: İranın hərbi rəhbərliyi demoralizə edilir

"Mossad"-ın İranın yüksək rütbəli təhlükəsizlik rəsmilərinə qarşı başladığı psixoloji təzyiq kampaniyası, rejim daxilində qorxu, parçalanma və etimadsızlığın dərinləşdiyini göstərir.

17

Mediada yayılan iddialara görə, Mossad İranın yüksək rütbəli təhlükəsizlik rəsmilərinə qarşı birbaşa telefon zəngləri vasitəsilə psixoloji təzyiq kampaniyası aparır. Sızdırıldığı bildirilən danışıq isə Tehran rejimi daxilində qorxu və parçalanma ehtimalını yenidən gündəmə gətirib.

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”-ın İranın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinə qarşı görünməmiş psixoloji təzyiq kampaniyasına başladığı iddia olunur. Məlumata görə, İranın ali rəhbərliyinə qarşı həyata keçirilən hücumlar və hədəfli əməliyyatlar fonunda “Mossad” agentləri iranlı funksionerlərə yüzlərlə birbaşa telefon zəngi edir.

Mediada İranın Hüquq-Mühafizə Orqanlarının Müdafiə və Kəşfiyyat Təşkilatının rəhbəri Möhsin Fəthi Zadə ilə aparıldığı deyilən telefon danışığının səs yazısının yayıldığı bildirilir. Həmin danışıqda İsrail agentinin səlis fars dilində rəsminin ailə üzvlərinin adlarını sadalayaraq onun hərəkətlərinin izlənildiyini nümayiş etdirdiyi vurğulanır.

İddialara görə, söhbət zamanı İran təhlükəsizlik rəsmisinə açıq mesaj verilib və ondan “öz xalqının tərəfinə keçməsi” tələb olunub. Əks halda onu ölkə rəhbərliyinin aqibətinin gözlədiyi bildirilib. Sızdırıldığı deyilən cavabda isə generalın Qurana and içdiyi, özünü artıq “ölü” hesab etdiyini söylədiyi və israillilərdən “bütün komandirlərin başını kəsməyi” istədiyi qeyd olunur.

İsrail Ordusunun hərbi kəşfiyyatının tədqiqat şöbəsinin keçmiş rəhbəri, ehtiyatda olan briqada generalı Yossi Kupervasser hesab edir ki, bu tip əməliyyatlar İsrail xüsusi xidmət orqanlarının İranın dövlət strukturlarına nə dərəcədə dərindən nüfuz etdiyini göstərir.

Müşahidəçilərin fikrincə, belə bir strategiyanın əsas məqsədi İran rejimini zəiflətmək, təhlükəsizlik aparatında demoralizasiya yaratmaq və nəticədə ölkədaxili etirazlar üçün münbit zəmin formalaşdırmaqdır. İsrailin Baş naziri Benyamin Netanyahu da davam edən kampaniyanın növbəti mərhələlərində hələ çox “sürprizlərin” olacağını bəyan edib.

Təhlillərə görə, hazırda müşahidə olunan bu psixoloji müharibə modeli daha əvvəl HƏMAS və Hizbullaha qarşı istifadə edilmiş taktikanın İran istiqamətində tətbiqi kimi qiymətləndirilir. Fəthi Zadə ilə danışığın sızdırılması isə İran hakimiyyət aparatının daxilindəki vəziyyət, qorxu mühiti və loyallıq böhranı ilə bağlı yeni suallar doğurub.

Ekspertlər hesab edirlər ki, əgər ölkənin yüksək rütbəli təhlükəsizlik nümayəndəsi xarici kəşfiyyat təmsilçisi ilə bu formada danışırsa, bu, hakimiyyət daxilində dərin etimadsızlıq, parçalanma və vahimənin göstəricisi ola bilər. Rejimin hələ də fəaliyyətini davam etdirməyə çalışdığı, lakin daxili zəiflik və loyallıq çatışmazlığının getdikcə daha aydın hiss olunduğu vurğulanır.

Hadisələrin sonrakı inkişafı bu qorxu mühitinin sistemin daxildən sarsılmasına səbəb olub-olmayacağını, yoxsa Tehranda daha sərt daxili təmizləmə dalğasına yol açacağını göstərəcək.