Monakodakı partlayışda əsas şübhəlinin qadın olduğu bildirilir

Monakoda ukraynalı iş adamı Vadim Yermolayev və ailə üzvlərinin yaralandığı partlayışla bağlı yeni detallar açıqlanıb. Fransa mediası əsas şübhəlinin Almaniyada yaşayan ukraynalı qadın ola biləcəyini yazır.

22

Monakoda üç nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı istintaqda əsas şübhəlinin Almaniyada yaşayan ukraynalı qadın ola biləcəyi bildirilir.

MSNews.az “Le Figaro”-ya istinadən xəbər verir ki, söhbət təxminən 30 yaşlarında olan qadından gedir. Nəşrin məlumatına görə, şübhəli şəxs partlayışdan sonra Monako ilə sərhəddə yerləşən Fransanın Bozoley kommunasına doğru hərəkət edib, daha sonra isə qonşu ölkəyə keçə bilib. “Franceinfo” bu ölkənin İtaliya ola biləcəyini yazır.

Hadisə iyunun 29-da axşam saatlarında Monakoda yaşayış binasının girişində baş verib. “Reuters”-in məlumatına görə, partlayış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Hadisə zamanı üç nəfər yaralanıb. Fransa və Ukrayna mediası hücumun əsas hədəfinin ukraynalı iş adamı Vadim Yermolayev olduğunu yazır.

“Al Jazeera” yazır ki, zərərçəkənlərin Yermolayev, onun tərəfdaşı Anna Nasobina və 13 yaşlı oğulları olduğu ehtimal edilir. Ukrayna Xarici İşlər Nazirliyi isə hadisədə Ukrayna mənşəli bir ailənin üç üzvünün yaralandığını təsdiqləyib, lakin onların şəxsiyyətinin və vətəndaşlığının rəsmi kanallarla dəqiqləşdirildiyini bildirib.

Fransa mediasının məlumatına görə, ilk mərhələdə müşahidə kameralarında şübhəlinin kişi olduğu güman edilirdi. Lakin “BFMTV” və “Le Figaro” istintaqa yaxın mənbələrə istinadən şübhəlinin kişi kimi geyinmiş qadın ola biləcəyini yazıb. Bildirilir ki, o, partlayıcı qurğunun yerləşdirildiyi çantanı binanın girişinə qoyub və daha sonra ərazidən uzaqlaşıb.

“La Dépêche” BFMTV-yə istinadən yazır ki, partlayıcı qurğu Anna Nasobina binanın girişinə yaxınlaşdığı vaxt məsafədən işə salınıb. Nəşrin məlumatına görə, Nasobina ağır xəsarətlər alıb və hər iki ayağının amputasiya edildiyi bildirilir. Bu məlumatı “News.mc” də yayıb.

“RTL”-in məlumatına görə, Monako prokurorluğu şübhəli şəxsin müəyyən edildiyini, onun barəsində həbs orderi verildiyini və “Interpol” xətti ilə qırmızı bildiriş hazırlanacağını açıqlayıb. İstintaq qəsdən adam öldürməyə cəhd, cinayət məqsədilə partlayıcı qurğu yerləşdirmə və cinayətkar birlik maddələri üzrə aparılır.

Monako rəsmiləri hadisəni terror aktı kimi qiymətləndirmək üçün əsas olmadığını bildiriblər. Hazırda partlayışın motivi rəsmi şəkildə açıqlanmayıb. Mediada kriminal qruplaşmalarla mümkün əlaqə və xarici müdaxilə versiyaları müzakirə olunsa da, bu iddialar hələlik rəsmi təsdiqini tapmayıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031