Moldovanın Avropa İttifaqına üzvlük prosesinin ləngiməsi halında Rumıniya ilə birləşmə alternativ ssenari kimi daha ciddi müzakirə oluna bilər. “The Economist” Kişinyovdakı yüksək vəzifəli siyasətçilərin son açıqlamalarına diqqət çəkərək bu variantı Moldovanın mümkün “B” planı kimi təqdim edib.
Bununla belə, söhbət hazırda Moldova hökumətinin təsdiqlədiyi rəsmi birləşmə planından getmir. Prezident Maya Sandu yanvar ayında keçiriləcək hipotetik referendumda Rumıniya ilə birləşmənin lehinə səs verəcəyini bildirib, eyni zamanda ölkə əhalisinin əksəriyyətinin bu mövqeyi bölüşmədiyini və Aİ-yə inteqrasiyanın daha real hədəf olduğunu vurğulayıb. Bu barədə “Reuters” məlumat yayıb.
Moldovanın baş nazir müavini Yevgen Osmoçescu isə iyunda “Euractiv” nəşrinə açıqlamasında Aİ-yə üzvlük prosesi 2028-ci ildən sonra dalana dirənərsə, Rumıniya ilə birləşmənin nəzərdən keçirilə biləcəyini söyləyərək bunu açıq şəkildə “Plan B” adlandırıb. Bununla yanaşı, o, əsas məqsədin Aİ-yə birbaşa üzvlük olduğunu vurğulayıb.
Rumıniya Prezidenti Nikușor Dan da mümkün birləşməyə prinsipcə qarşı olmadığını bildirib. O, belə bir prosesin yalnız Moldova vətəndaşlarının əksəriyyətinin demokratik yolla bunu dəstəkləməsi halında mümkün ola biləcəyini qeyd edib: “Əgər bu layihənin lehinə çoxluq olarsa, biz hazırıq”.
“The Economist”in istinad etdiyi rumıniyalı ekspert Rufin Zamfir isə yaxın perspektivdə birləşmənin real siyasi gündəlik olmadığını hesab edir. Onun qiymətləndirməsinə görə, bu cür bəyanatlar həm də Brüsselə dolayı mesajdır: Aİ üzvlüyü perspektivi təxirə salınarsa və ya zəiflədilərsə, “Plan B”nin siyasi çəkisi arta bilər. Nəşr də məsələni hazır qərardan daha çox mümkün gələcək ssenari kimi təqdim edir.
Hazırda Moldovanın Aİ-yə qəbul prosesi davam edir və bloklanmayıb. Avropa İttifaqı Şurasının məlumatına görə, Moldova ilə üzvlük danışıqları 2024-cü ildə başlayıb və 14 iyul 2026-cı ildə keçirilən üçüncü hökumətlərarası konfransda xarici əlaqələr, təhlükəsizlik və müdafiəni əhatə edən 6-cı klaster üzrə danışıqlar açılıb.