Möctəba Xameneinin seçilməsində SEPAH generalları həlledici rol oynayıb

"The New York Times" yazır ki, Möctəba Xameneinin İranın ali lideri seçilməsində SEPAH-ın yüksək rütbəli komandirləri əsas rol oynayıb.

24

“The New York Times” nəşrinin məlumatına görə, Möctəba Xameneinin İranın yeni ali lideri seçilməsində əsas təsir gücü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəki yüksək rütbəli komandirlərə məxsus olub.

MSNews.az xəbər verir ki, nəşrin geniş hesabatında bildirilir ki, mərhum Əli Xameneinin oğlu olan Möctəbanın hakimiyyətə gəlməsini təmin edən əsas fiqurlar SEPAH-ın “köhnə qvardiyası”nı təmsil edən şəxslər olub.

Bu şəxslər sırasında Əhməd Vahidi, Məhəmməd Əli Cəfəri, Hüseyn TaibMəhəmməd Baqir Qalibaf kimi isimlər ön plana çıxır. Onların ABŞ və İsraillə sərt qarşıdurmanı davam etdirmək istəyən “şahinlər” düşərgəsinin aparıcı qüvvəsi olduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, bu qrupun əsas məqsədi hakimiyyətin radikal establişmentin əlində qalmasını təmin etmək və məhz Möctəba Xameneinin namizədliyini önə çıxarmaq olub.

Digər tərəfdən, daha mülayim mövqe tutan qanadı Əli Laricani və Məsud Pezeşkian təmsil edib. Bu düşərgə gərginliyi azaltmağa qadir alternativ fiqurlar – Həsən Xomeyni və Həsən Ruhani kimi namizədlərin irəli sürülməsini təklif edib.

Məlumata görə, təhlükəsizlik səbəbilə virtual formatda keçirilən səsvermə prosesi ciddi təzyiqlərlə müşayiət olunub. Xüsusilə, Hüseyn Taibin Ekspertlər Şurası üzvləri ilə fərdi şəkildə əlaqə saxlayaraq Möctəba Xameneinin dəstəklənməsini “mənəvi və ideoloji borc” kimi təqdim etdiyi bildirilir.

Qarşıdurmanın kulminasiya nöqtəsi kimi mülayim qanadın Əli Xameneinin hakimiyyətin irsi ötürülməsinə qarşı olduğu iddia edilən vəsiyyətnaməni təqdim etməsi göstərilir. Lakin buna baxmayaraq, təkrar səsvermədə Möctəba Xamenei 88 üzvdən 59-nun dəstəyini alaraq 8 mart tarixində ali lider elan olunub.

Analitiklər hesab edir ki, bu proses İslam İnqilabı Keşikçiləri Korpusu və İran inqilabının ilk nəsil elitasının ölkədə hakimiyyət rıçaqlarını hələ də nəzarətdə saxladığını bir daha nümayiş etdirir.