Misir piramidalarında 4.500 ildən sonra yeni gizli keçid tapıldı

4.500 ildən sonra Misirdə Menkaure piramidasında iki yeni struktur boşluq tapılıb. Alimlər bunun piramiddə gizli keçid və ya ikinci giriş ola biləcəyini bildirir.

112

Misirin Giza platosunda yerləşən Menkaure piramidasında aparılan yüksək texnologiyalı skanlar nəticəsində piramidanın şərq tərəfində iki yeni struktur boşluq aşkar edilib.

Alimlər bu boşluqların 4.500 ildir bilinməyən gizli bir girişə və ya yeni koridorlara aparan keçid ola biləcəyini bildirir. Münhen Texniki Universitetindən professor Kristian Qrosse rəhbərliyindəki komanda radar, ultrasəs və elektrik müqaviməti tomoqrafiyası kimi qeyri-invaziv üsullarla piramidin daxili strukturunu araşdırıb.

Aparılan ölçmələr nəticəsində şərq tərəfin arxasında aşkar edilən iki fərqli ölçüdə boşluqdan birincisinin dərinliyi 1,4 m, hündürlüyü 1 m və eni 1,5 m-dir. İkinci boşluğun isə dərinliyi 1.13 m, hündürlüyü 0.9 m və eni 0.7 m-dir.

Mütəxəssislər bildirir ki, bu iki struktur boşluğun ölçüləri və yerləşməsi həmin hissədə ikinci bir giriş və ya gizli keçid ehtimalını gücləndirir.

Hazırda ziyarətçilər Menkaure piramidasının şimal tərəfindəki əsas girişdən daxil olaraq məzar otaqlarını görə bilirlər. Lakin şərqdə yeni girişin tapılması piramidanın içində hələ kəşf edilməmiş əlavə koridorlar və ya otaqlar ola biləcəyini göstərə bilər.