Yəqin ki, hamımız bir çox filmlərdə bir-birilərinə silah tuşlamış bir neçə şəxsin olduğu kadrları görmüşük; bu, “Meksika qarşıdurması”, başqa adla “Mexican Standoff” adlanır.
“Meksika qarşıdurması” hər hansı bir tərəfin qələbə qazanmasına imkan verən heç bir strategiyanın olmadığı bir qarşıdurmadır. Təcavüz təşəbbüsü ilə çıxış edən hər hansı tərəf hər kəsin ölümünə səbəb ola bilər. Eyni zamanda, tərəflər itki vermədən vəziyyətdən çıxa bilmirlər. Nəticədə, bütün iştirakçılar strateji gərginliyi saxlayır, hansısa kənar hadisə və ya tərəflərarası dialoq onu həll etməyə imkan verənə qədər bu gərginlik həll olunmamış qalır. “Meksika qarşıdurması” termini əvvəlcə odlu silahdan istifadə kontekstində istifadə edilmişdir və bu, hələ də adətən bir tərəfin digər tərəfin bir növ təhlükəsi ilə üzləşdiyi bir vəziyyəti nəzərdə tutur.
Deyimin meydana gəlməsini 1876-cı il Meksika – ABŞ müharibəsinə aid edirlər və daha çox meksikanları alçaltmaq məqsədilə işlədirlər. Lakin Meksikada bunu, tam əksinə, meksikanların amerikalılara verdiyi bir dərs kimi tərif edirlər. “Cambridge AdvencedLeaners Dictionary” bu anlayışın Avstraliyada yarandığını iddia edir. Ümumilikdə, onu deyə bilərik ki, terminin dəqiq yaranma yeri və mənşəyi naməlum olaraq qalır.
Populyar mədəniyyətdə “Meksika qarşıdurması” termini bəzən heç bir rəqibin ölçülə bilən üstünlüyə malik olmadığı qarşıdurmalara istinad etmək üçün istifadə olunur. Tarixən şərhçilər bu termini Soyuq Müharibə zamanı Sovet İttifaqı ilə ABŞ arasında nüvə qarşıdurmasına, xüsusən, 1962-ci il Kuba Raket Böhranına istinad etmək üçün istifadə etmişlər.
“Meksika qarşıdurması” kinoda süjet vasitəsi kimi tez-tez istifadə edildiyindən kino klişesi hesab olunur. Bunun klassik nümunəsi Sergio Leonenin 1966-cı ildə yazdığı “Yaxşı, Pis və Çirkin” əsəridir. Burada Klint İstvud , Li Van Klif və Eli Uollakın oynadığı eyniadlı personajlar bir-biriləri ilə mübarizə aparırlar.
“Rezervasiya köpəkləri”, “Kill Bill”, “Pulp Fiction”, “Karib dənizinin quldurları, “Sıravi Rayanı xilas etməli”, “Mister və Misis Smit”, “Münhen”, “Zombilendə xoş gəlmisiniz”, “Transformers” filmləri “Meksika qarşıdurması”nın yer aldığı filmlərdir. Bundan başqa, məşhur ispan serialı olan “La Casa De Papel”də Denver, Nairobi, Helsinki ve Berlin obrazları arasında ayaqyolunda baş verən bir səhnə də bu anlayışın bədii təsviridir.