Meksikada keçirilən xüsusi hərbi əməliyyat zamanı ölkənin ən çox axtarılan narkobaronu, El Menço ləqəbli Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri həlak olub.
Meksika Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, yüksək dəqiqliklə planlaşdırılmış əməliyyat Xalisko ştatının Tapalpa bölgəsində həyata keçirilib. Əməliyyatın əsas məqsədi El Mençonu sağ ələ keçirmək olub. Lakin silahlı qarşıdurma zamanı ağır yaralanan kartel lideri helikopterlə Mexiko Sitiyə aparılarkən həyatını itirib. Onun şəxsiyyətinin rəsmi təsdiqi üçün məhkəmə-tibbi ekspertiza və otopsiya aparılacağı bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, əməliyyat zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər isə saxlanılıb. Qarşıdurma nəticəsində Meksika ordusunun 3 hərbçisi yaralanıb və onlar təcili tibbi yardım üçün paytaxtdakı xəstəxanalara yerləşdirilib.
Meksika mətbuatı əməliyyatın ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirildiyini yazır. Bildirilir ki, federal qüvvələr bölgədə apardıqları axtarışlar zamanı zirehli texnika, ağır silahlar və hava vasitələrini vurmaq imkanına malik raketatanlar daxil olmaqla güclü silah anbarı aşkar edərək müsadirə ediblər.
Əməliyyatdan sonra CJNG üzvlərinin mümkün cavab addımı olaraq Xalisko və digər bir sıra ştatlarda yolların bağlanması, avtomobillərin və ticarət obyektlərinin yandırılması halları qeydə alınıb. Artan zorakılıq səbəbindən ölkənin bir çox bölgəsinə əlavə ordu birlikləri yeridilib.
Meksika Prezidenti Klaudiya Şeynbaum “X” platforması üzərindən etdiyi paylaşımda ölkə üzrə gündəlik həyatın nəzarət altında davam etdiyini bildirib. O, bütün ştat rəhbərləri ilə sıx koordinasiya şəraitində çalışdıqlarını vurğulayaraq vətəndaşları sakit olmağa çağırıb.
Şeynbaum hökumətin ölkədə sülhün, təhlükəsizliyin və ictimai asayişin bərpası üçün fasiləsiz fəaliyyət göstərdiyini bəyan edib.
Ağ Evin sözçüsü Kerolayn Livitt ABŞ-nin El Mençonun öldürüldüyü əməliyyatda Meksikaya kəşfiyyat dəstəyi göstərdiyini açıqlayıb. O, ABŞ və Meksika təhlükəsizlik qurumları arasında əməkdaşlığın uğurlu nəticə verdiyini bildirib.
Livitt qeyd edib ki, El Menço fentanil qaçaqmalçılığında əsas fiqurlardan biri olub və bu səbəbdən iki ölkə üçün “yüksək səviyyəli hədəf” sayılıb. O, ABŞ Prezidenti Donald Trampın daha əvvəl CJNG-ni xarici terror təşkilatı kimi tanıdığını da xatırladıb.
ABŞ hökuməti El Mençonun tutulmasına və ya zərərsizləşdirilməsinə kömək edəcək məlumat üçün 15 milyon dollaradək mükafat elan etmişdi. CJNG isə Vaşinqton tərəfindən rəsmi şəkildə terror təşkilatı kimi tanınan Meksika kartellərindən biri hesab olunur.