Məhəmməd peyğəmbərin tarixi kimliyi: alternativ yanaşmalar və mülahizələr

Bu məqalədə Məhəmməd peyğəmbərin tarixi şəxsiyyəti, İyas ibn Qabisah ilə paralelləri, erkən İslam dövründə siyasi və dini kontekstlər, Quranın mənbələri və dini titulların mənası araşdırılır. Tarixi xronikalar və süryani qeydləri ilə erkən İslamın formalaşması nəzərdən keçirilir.

85

Tarixi mənbələr və dini rəvayətlər bizə Məhəmməd peyğəmbərin həyatını idealizə olunmuş şəkildə təqdim edir. Lakin erkən dövrlərə aid xronikalar və digər tarix qeydləri bu obrazın arxasında daha mürəkkəb və çoxqatlı bir tarixi şəxsiyyətin ola biləcəyini göstərir. Bu məqalədə, Məhəmmədin kimliyi yalnız dini kontekstdə deyil, həm də siyasi və mədəni kontekstlərdə araşdırılır. Xüsusilə İyas ibn Qabisah adlı ərəb lideri ilə paralellər, Lahmi tayfalarının siyasi taleyi, erkən İslamın simvolları və Quranın mənbələri üzərində diqqətlə durulacaq. Məqsəd, “Məhəmməd” adı ilə tanınan şəxsiyyətin tarixdəki yerini və onun dini, siyasi və ideoloji təsirlərini yenidən qiymətləndirməkdir.

İslam tarixinin formalaşmasında böyük rol oynayan Məhəmməd peyğəmbərin şəxsiyyəti və fəaliyyəti təkcə dini deyil, həm də siyasi və mədəni kontekstlərdə qiymətləndirilməlidir. Bu yazıda müasir tarixçilərin və tədqiqatçıların alternativ nəzəriyyələri araşdırılır.

Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, İslam peyğəmbəri Məhəmmədin həyatı ilə bağlı məlumatlar çox azdır. Haqqındakı bilgilər isə daha çox tarixi qaynaqlara deyil, rəvayətlərə dayanmaqdadır. Ənənəvi İslam qaynaqları – xüsusilə siyər[1] və məğazi[2] ədəbiyyatı (İbn Hişam, Vaqidi kimi müəlliflər tərəfindən qələmə alınmış həyat hekayələri), hədis[3] məcmuələri və Təbəri kimi klassik tarixçilər tərəfindən yazılmış əsərlər peyğəmbərin həyatını və fəaliyyətini idealizə olunmuş şəkildə təqdim edir. Bu qaynaqların yazıya alındığı dövr, hadisələrdən yüz illərlə sonradır və çox vaxt siyasi və teoloji məqsədlərə xidmət edir.

Siyər ədəbiyyatından günümüzə qədər çatan ən önəmli avtobioqrafiya, İbni İshaqın, günümüzdə “Sîrat Resûlullah” olaraq bilinən iki nüsxəsidir. Orijinal variantda olmasa da əvvəllər İbn Hişam və Yunus b. Bukayrın redaktəsi ilə günümüzə qədər gəlib-çatmışdır. İbni Hişama görə, İbni İshaq bioqrafiyanı Muhammədin ölümündən təxminən 120-130 il sonra yazıb. Hamısı olmasa da, alimlərin bir çoxu bu bioqrafiyanın doğruluğunu qəbul edir, lakin doğruluğu qəti deyil.

Hətta müsəlmanların böyük əksəriyyəti “Məhəmməd”in onun əsl adı olduğunu düşünür, halbuki bu sadəcə bir ünvandır. Mən Məhəmmədin yaşamış tarixi bir şəxs olduğuna inanıram, çünki onun yaşadığına dair yazılı mənbələr və xronikalar vardır. Lakin bu xronikaların təqdim etdiyi Məhəmməd, Quran və İslam rəvayətlərindəki Məhəmməd ilə eyni şəxsdir, yoxsa sadəcə bu adı (və ya ünvanı) daşıyan başqa birisidir, bunu müəyyənləşdirmək vacibdir. Çünki o dövrdə “Məhəmməd” (yəni “təriflənmiş”, “öyülmüş”) ünvanına malik başqa şəxslər də mövcud olub.

Bu məqalənin sonunda sizə bir qaya yazısı təqdim edəcəyəm ki, o da bu fərziyyəni təsdiqləyir. Amma əvvəlcə müsəlmanlara tanıdılan Məhəmmədin kim olduğunu, tarixi mənbələrdə “Məhəmməd” adı ilə tanınan digər şəxslərlə oxşarlıq təşkil edən əsl Məhəmmədi tapmağa çalışacağıq. Bunu edərkən, ilk dövrlərə aid xronikaları və qeydləri araşdıracağıq.

Vacib məqamlardan biri budur ki, erkən dövrlərdə Ərəbistan coğrafiyasında “İslam” adlı bir din mövcud deyildi. O dövrün tarix qeydləri əsasən xristian mənbələrinə əsaslanır. Buna görə də əsasən onlara müraciət ediləcək. Əgər kimsə məsələyə “xristian mənbələrinə güvənmək olmaz” aspektindən yanaşacaqsa, o zaman həmin şəxs və ya şəxslər rəvayətləri və hədisləri tarixi fakt kimi qəbul etməyə davam edə bilər. Halbuki onlar da qərəzli və subyektiv ola bilər.

Bu araşdırma çərçivəsində, tarixdə Məhəmməd adını və ya ünvanını daşıyan şəxslərdən hansının İslamda tanıdılan Məhəmmədə daha yaxın olduğunu müəyyən etməyə çalışacağıq. Bu şəxs İslamın formalaşmasında rol oynamış ola bilər. Amma onu “mütləq bu şəxs Məhəmməddir” demək doğru olmaz, çünki bu iddianı qəti şəkildə sübut etmək mümkün deyil. Lakin aralarındakı paralelliklər diqqətəlayiqdir.

Ərəb coğrafiyası və siyasi şərait

İraq və Suriya bölgəsi uzun müddət ərzində “Ərəbistan” adlandırılmışdır. Bu bölgədə yerləşən və mərkəzi bu günkü Şanlıurfa (əvvəllər Edessa) olan Osroene bölgəsi, Suriyanın şimal-şərqi ilə Şimal İraq arasında, Fərat və Dəclə çayları arasındakı ərazidə yerləşirdi.

Qədim yunan tarixçisi Filon, Osroene və Komagene krallıqlarının əhalisinin ərəb olduğunu qeyd edirdi və bu səbəbdən bu bölgəyə “Ərəbistan” deyirdi. Digər antik tarixçi Plutarx isə Osroene hökmdarı Abqarı ərəb qəbilələrinin başçısı kimi təsvir edirdi. Tacitus isə onu “ərəb kralı” adlandırırdı. Bütün bunlar göstərir ki, Roma mənbələrində “Ərəbistan” dedikdə yalnız bu günkü Səudiyyə Ərəbistanı yox, həm də bu günkü Suriya və İraqın şimal hissələri nəzərdə tutulurdu.

Ətraf bölgələrlə bağlı əsas mənbələrdən biri olan tarixçi və yepiskop Seos (Sebeos, Severus və ya Seoboxt) maraqlı bir hadisəni nəql edir. O yazır ki,

“Bütün yəhudi qəbilələrinin nümayəndələri (12 xalq) Edessa şəhərində toplanmışdılar. Sasani imperiyasına bağlı fars ordusu şəhəri döyüşsüz tərk etdikdə, yəhudilər şəhərin qapılarını bağlayaraq mövqelərini gücləndirdilər və Bizans imperatoru Herakliusun şəhərə girməsinə imkan vermədilər. Heraklius onlarla sülh təklif etdi və onlar da bu şərtlə şəhərin qapılarını açıb təslim oldular. O zaman Heraklius onlara “öz yerlərinə” qayıtmağı əmr etdi…”

Burada sual yaranır: “Onların öz yurdu” dedikdə hara nəzərdə tutulur? İsrailmi, yoxsa İraqmı? Çünki yəhudilər Parflar, Sasanilər və Abbasilər dövründə, Monqollar 1258-ci ildə Bağdadı işğal edənədək əsasən İraqda məskunlaşmışdılar.

Seos bu hadisənin davamını belə izah edir:

“Yəhudilər çöldən keçərək Taşkastana, oradan da İsmail oğullarının yaşadığı əraziyə tərəf yola düşürlər. Onlar ərəblərlə əlaqə quraraq, Əhdi-Ətiq (Əski Əhd) kitabları vasitəsilə aralarındakı tarixi əlaqələri izah edirlər.”

Taşkastanın cənubunda isə Lahmi ərəblərinin paytaxtı olan Hira şəhəri yerləşirdi (bu günkü Kufə yaxınlığı). VI əsrin sonlarında bu bölgədə yaşamış və “ərəblərin həvarisi” kimi tanınan Ahu Demmeh adlı suriyalı bir pravoslav xristian yazırdı:

“Dəclə ilə Fərat arasında çadırda yaşayan, barbar və döyüşkən insanlar vardı. Batil inanclarla dolu idilər və yerdəki bütün insanların ən cahili idilər.”

Bu insanların yaşadığı yer, bu günkü İraqın şimalında, Suriyanın Rəqqa şəhərinin şərq hissəsində yerləşirdi. Bu ərazilərdə baş verən hadisələr, İslamın erkən mərhələlərini anlamaq üçün olduqca vacibdir.

İndi isə siyasi münasibətlərə baxmaq zəruridir, çünki bu hadisələr tarixi şəxsiyyətləri və onların gerçək kimliyini anlamaqda əsas açardır.

Lahmilərin süqutu və İyas ibn Qabisahın ortaya çıxışı

Ərəblərlə farslar arasında uzun müddətdir qarşıdurmalar yaşanırdı. Farslar (Sasanilər) ərəbləri itaətkar və zəif bir xalq olaraq görür, ərəb tayfaları isə farslara (“acəm”lərə) zülmkar və haqsız kimi yanaşırdı.

VI əsrin sonlarında Lahmi dövləti Sasanilərin gözündən tamamilə düşmüşdü. Bəzilərinə görə bunun səbəbi lahmilərin müstəqillik istəyi, digərlərinə görə isə əsas səbəb onların din fərqliliyindən qaynaqlanırdı. Çünki Lahmi hökmdarlarının əksəriyyəti xristian idi və Sasanilər onlara zərdüştiliyi qəbul etdirməyə çalışsa da, bu alınmamışdı. Ən əsas səbəblərdən biri isə sonuncu Lahmi hökmdarı Numan ibn Munzirin açıq şəkildə Nəsturi xristianlığına meyl etməsi idi.

Təxminən 602-ci illərdə, Sasani hökmdarı II Xosrov Pərviz, Numanı sui-qəsdlə aradan götürdü. Onun bu qərarı bir məktubla əsaslandırıldığı rəvayət olunur. Məktubda Numan və qəbiləsinin Sasani imperiyasına qarşı ərəb tayfalarını qaldırmaq üçün gizli bir plan qurduğu və bu planın ifşa edildiyi iddia olunurdu. Hökmdar bu səbəbdən Numanı öldürərək onun yerinə “cahil bir ərəb”i Hira şəhərinə rəhbər təyin etdiyini bildirmişdi.

Bu “cahil ərəb”in kimliyi ilə bağlı iki fərziyyə mövcuddur. Ən güclü iddiaya görə o, İyas ibn Qabisah (bəzən Kəbşə və ya Kaşa kimi də yazılır) adlı bir xristian ərəb idi. O, güman ki, ərəb-fars qarışıq kimliyə malik idi.

Sasanilər Lahmi ərazilərini nəzarətdə saxlamaq üçün İyasdan istifadə edirdilər, İyas isə bu yolla siyasi güc əldə edirdi. Lakin Sasanilər və köçəri ərəblər arasında gərginlik böyüyürdü. 610-cu illər ətrafında bu gərginlik Züqar döyüşünə səbəb oldu. Bu döyüşdə İyas ibn Qabisahın başçılıq etdiyi Sasani qüvvələri məğlub oldu.

Təxminən 617-ci ildə, farslar Hiranı birbaşa idarə etməyə qərar verib İyas ibn Qabisahı vəzifəsindən uzaqlaşdırdılar. Onun yerinə bir fars idarəçi Azadbeh təyin edildi. Bu vəziyyətdən narazı qalan ərəb tayfaları Lahmi şəhərlərindən uzaqlaşmağa başladılar. Bu hadisələrdən sonra İyas da ehtimal ki, farslara qarşı mövqe tutdu və yerli ərəb tayfaları ilə əməkdaşlığa başladı.

Bütün bu hadisələr, 622-ci ildə ərəb üsyanının başlanmasına zəmin yaratdı. Bu tarix təsadüfi deyil, çünki İslam mənbələrində Məhəmmədin Mədinəyə hicrəti də eyni ilə – 622-ci ilə təsadüf edir.

Beləliklə, bu tarixlər üst-üstə düşür:

  • İyas ibn Qabisah 622-ci ildə farslara qarşı çıxıb ərəb tayfaları ilə birləşdi,
  • İslam mənbələrinə görə, Məhəmməd həmin il Məkkədən Mədinəyə hicrət etdi.

Bu paralellik bir çox suallar doğurur: Görəsən, Məhəmməd əslində İyas ibn Qabisah idimi?

“Mahmet” adının mənbələrdə istifadəsi və dini lider kimi yüksəlişi

Yəhudilərin Taşkastan şəhərindən çıxaraq İsmailoğullarına tərəf gedib onlardan kömək istədiyini qeyd edən Seos, hadisənin davamını belə nəql edir:

“Ərəblər yəhudilərlə aralarındakı yaxın əlaqəyə inansalar da, iman baxımından birləşə bilmədilər. Bu səbəbdən aralarında fikir birliyi yaranmadı. O zaman onların arasından Mahmet adlı bir tacir önə çıxdı. Bu şəxs, xüsusilə, Musanın tarixi barədə yaxşı məlumata malik idi. Guya Tanrının əmri ilə onlara həqiqət yolunu izah etdi və İbrahimin tanrısını tanımalarını istədi. Bütün tayfaları ucalardan gələn əmrə tabe olmağa və iman baxımından birləşməyə çağırdı.”

Buradakı “Mahmet” adı daha sonralar “Muhammed” forması ilə tanınmışdır. Lakin əslində bu, ad yox, ünvandır. “Mahmet”, “Ahmed”, “Muhammed” – bu adların hamısı “H-M-D” (hə-mə-də) kökünə əsaslanır və “çox təriflənən”, “öyülən”, “təqdir edilən” mənasına gəlir.

Seosun qeydinə əsasən, Mahmet fərqli inanca və tanrılara sahib olan ərəb tayfalarını bir araya gətirib, yəhudilərlə birləşməyə çalışmışdı.

Məhəmməd haqqında erkən mənbələrdən biri olan, Əməvi xəlifəsi Əbdülməlik dövründə yaşamış şərq kilsəsi yazıçısı İohann bar Penkaye (John bar Penkaye) belə yazırdı:

“Əvvəlcə müəllimləri olan Məhəmmədin adət-ənənələrinə o qədər bağlı idilər ki, onun qanunlarına qarşı çıxanları ölümə məhkum edirdilər. Yəhudilərlə əlaqəyə girib onların qanunlarını izləməyə başladılar. Sünnət oldular, bütpərəstliyi tərk etdilər, Musanın qanununu qəbul etdilər. Zaman keçdikcə bir çoxu xristian oldu.”

Bu qeydlər göstərir ki, İslamın ilkin dövründə olan ərəblər arasında yəhudi-xristian təsiri çox güclü idi.

İndi isə erkən tarixli xronikalara nəzər salaq. Bu mənbələrdə Məhəmmədin öz doğma şəhərindən qovulub, sonra isə qələbə ilə geri dönən bir lider obrazı verilir – bu da İslamın klassik hicrət və fəth narrativinə tam uyğundur.

Misal üçün:

  • Ədalı Yaqub adlı xristian müəllif yazır ki, “Ərəblərin ilk kralı Məhəmməd 622-ci ildə hakimiyyətə gəlmişdir.”
  • Adan xronikası isə Məhəmmədin 622-ci ildə taxta çıxdığını və 7 il hökm sürdüyünü bildirir.
  • Zuqnin xronikası adlı süryani xronikası isə ilk krallarının öz aralarından biri olan “Muhamad” olduğunu qeyd edir.

Əgər bu şəxs kral idisə, bəlkə elə İyas ibn Qabisah idi?! Bəzi xronikalarda onun Fələstin, Ərəbistan və Suriya arasında ticarət məqsədilə hərəkət etdiyi qeyd olunur. Bu isə həm real tarixi şəxsiyyət, həm də “mahmet” ünvanı daşıyan başqa bir lider ola biləcəyi ehtimalını artırır.

634-cü il döyüşləri, Tay qəbiləsi və “Məhəmməd”in kimliyi

640-cı il tarixli mesopotamiyalı süryani pravoslav rahib Presbiter Tomas yazır:

“4 fevral, cümə günü, 9-cu saatda, Qəzzanin 12 mil şərqində, Fələstin torpağında Romalılarla Məhəmmədin ərəbləri arasında döyüş baş verdi.”

Burada “Tayyaye-Muhammad” – “Məhəmmədin ərəbləri” ifadəsindən istifadə olunub. Əslində bu, “Tayy qəbiləsinin Məhəmmədi” kimi də başa düşülə bilər. Çünki “Tayy” — o dövrün ən böyük və nüfuzlu ərəb qəbilələrindən biri idi. Bu qəbilənin adı müxtəlif mənbələrdə Tayy, Tai, Tayyi kimi keçir. O dövrün ərəbləri arasında ən nəcib tayfa sayılan Tay qəbiləsinin lideri kim idi? Əvvəlki bölmələrlə paralel olaraq, ehtimal olunur ki, bu şəxs İyas ibn Qabisah ola bilər.

Müxtəlif Bizans-ərəb xronikalarında belə qeyd edilir: Məhəmməd güclü bir nəsildən idi, tayfa və ailə baxımından seçilirdi. Həmçinin ağıllı və gələcəklə bağlı bir çox hadisələri qabaqcadan təxmin edən biri kimi təsvir olunurdu.

Mozarap xronikası isə belə yazır:

“Suriya, Ərəbistan və Mesopotamiyanı liderləri Məhəmmədin gücündən çox, hiylə və kələk yoluyla ələ keçirdilər. Onlar açıq hücumlar əvəzinə gizli basqınlarla irəlilədilər. Beləcə, gücdən çox, hiylə ilə imperiyanın bütün sərhəd şəhərlərini təhrik etdilər və nəhayət, boyunlarında olan boyunduruğu silkələyərək açıq üsyan etdilər.”

Bu hadisə, sərazenlərin (ərəb tayfalarının) Bizans imperatoru Herakliusa qarşı 618-ci ildə başladığı üsyandır.

Xatırlayırsınızsa, əvvəlki mənbələr 622-ci ildə birinin kral seçildiyini yazırdı. Deməli, bu 4 illik boşluq ərzində konkret lider önə çıxmamışdı. Yalnız 622-ci ildə, “Məhəmməd” titulunu daşıyan bir şəxs lider kimi yüksəlmişdi. Bu şəxs, çox güman ki, İyas ibn Qabisah idi.

İndi isə yenidən İohann bar Penkayenin (VII əsr) qeydlərinə qayıdaq. O yazır:

“Tanrı Həcərin oğullarını (ərəbləri) törətdikləri dağıntılara görə cəzalandırdı. Krallıqlarının başlanğıcında onlara iki lider verdi və beləliklə, krallıqlarını iki yerə böldü. Onlar birlikdə idilər və bütün dünyanı özlərinə tabe etdilər. Lakin sonradan aralarında savaş başladı.”

Bu qeyddə deyilir ki, əvvəlcə ərəblər iki lider tərəfindən idarə olunurdu. Sonradan bu birlik dağılır, bir tərəfə (şimal-qərb) — Şamda Müaviyə, digər tərəfə (cənub-şərq) — Hira və Kufə bölgəsində Əli liderlik edir. Bu parçalanma daha sonra siyasi və dini düşmənçiliyə çevrilir.

Penkaye yazır:

“Qərbdəkilər dedilər: Üstünlük bizə məxsusdur və kral bizim aramızdan seçilməlidir. Şərqdəkilər isə bu iddiaya qarşı çıxdılar və kralın onlardan çıxmalı olduğunu dedilər. Bu mübahisə sonunda qanlı döyüşlərə səbəb oldu və qalib gələn tərəf ‘Əməvilər’ oldu.”

Müaviyə haqqında deyilir:

“O, iki imperiyanın — Fars və Roma imperiyalarının idarəçiliyini ələ aldı. Onun dövründə ədalət artdı, ölkələrdə sülh yarandı və hər kəsin istədiyi kimi yaşamasına icazə verildi…”

Bu qeydlərdən göründüyü kimi, əvvəlcə Məhəmməd (yəni İyas) liderlərdən biri idi. Sonradan isə Müaviyə siyasi və dini gücü özündə cəmlədi. Bu arada, haşiyədən kənara çıxaraq qeyd etmək yerinə düşərdi, ola bilər ki, islam aləmində Müaviyə və onun oğlu Yezidə nifrətin əsas səbəbləri kimi qeyd olunan Məhəmmədə düşmənçilik və imamları qətl etməsi tezisinin kökündə də bu məsələ durur.

Maronit xronikası və Müaviyənin Məhəmmədi əvəz etmək istəməməsi

665-ci ildə yazıldığı ehtimal edilən Maronit xronikasında belə qeyd olunur:

“Həmin ilin iyul ayında, əmir və çoxsaylı ərəblər bir araya gəlib Müaviyəyə sədaqətlərini bildirdilər. Ardınca, onun bütün kənd və şəhərlərdə hakimiyyətinin tanınması və kral elan edilməsi üçün fərman verildi. O, həmçinin qızıl və gümüş sikkələr kəsdirdi, lakin bu pullar qəbul edilmədi, çünki üzərində xaç simvolu yox idi. Həmçinin o, digər krallar kimi taxtda əyləşmədi. Paytaxtını Şama köçürdü və Məhəmmədin yerinə keçmək istəmədi…”

Bu qeydlər çox əhəmiyyətlidir:

  1. Müaviya özünü Məhəmmədin davamçısı kimi deyil, ayrı bir siyasi lider kimi təqdim edirdi;
  2. Onun dövründə kəsilən pullar hələ də xristian simvolları (xaç) daşıyırdı;
  3. Müaviyə şah libası geyinməmişdi – yəni imperator formasını qəbul etməmişdi;
  4. Mərkəzi Şama köçürməsi, yeni dövrün siyasi başlanğıcı idi.

Buradakı “Məhəmmədin yerinə keçmək istəmədi” ifadəsi isə çox önəmlidir. Bu, Məhəmmədin artıq müəyyən bir lider, hətta kral statusuna malik olduğunu göstərir və onun yerinin xüsusi və fərqli olduğunu vurğulayır.

Bütün bu tarixi qeydləri və siyasi hadisələri diqqətlə nəzərdən keçirdikdə belə bir sual ortaya çıxır: Görəsən, bu hadisələrdə sözügedən “Məhəmməd” İyas ibn Qabisah ola bilərmi?

İslam mənbələrində Məhəmmədin Mədinəyə hicrət edib, sonra Məkkəyə qayıdaraq onu fəth etməsi kimi təqdim olunan hadisələr, əslində İyas ibn Qabisahın Hira şəhərindən qovulması və sonra geriyə dönərək onu yenidən ələ keçirməsi ilə paralellik təşkil edir.

Əgər bu fərziyyə doğru olsa, “hicrət”in baş verdiyi il — 622-ci il, həm İyasın farslara qarşı çıxaraq ərəb tayfaları ilə birləşdiyi, həm də İslam tarixində dönüş nöqtəsi kimi qəbul edilən ildir. Bu da təsdiqləyir ki, əslində hadisələr Hira şəhərində baş verib, amma sonrakı İslam mənbələri bu hadisələri Məkkə və Mədinədə –  mifik çərçivədə yenidən yazıb.

Hira müharibəsi, Xalid ibn Vəlid və İyas ibn Qabisahın taleyi

İslam mənbələrində Xalid ibn Vəlidin Hira şəhərinə hücum edərək oranı ələ keçirməsi barədə məlumatlar var. Bu hücumun Hira hökmdarı olan İyas ibn Qabisaha qarşı olduğu qeyd edilir. Əgər İyas ibn Qabisah, doğrudan da, tari̇xi̇ Məhəmməddirsə, bəs necə olur ki, o Xalid ibn Vəlidə qarşı döyüşür? Bu sual haqlıdır və cavabı belədir: İslamın erkən tarixi rəvayətlərə əsaslanır, yəni çoxu şifahi ənənə və sonrakı dövrlərdə yazılmış hekayələrlə formalaşmışdır. İslam tarixini yazan məşhur müəlliflər, məsələn, İbn Hişam, Təbəri, Vaqidi, hadisələri 100-200 il sonra yazmışlar. Ona görə də bu yazılar, yenidən qurulmuş bir tarix təsiri bağışlayır.

Qeyd etmək lazımdır ki, İslamın öz mənbələrində də Məhəmmədin Uhud və Xəndək döyüşlərində qeyri-müsəlmanlarla döyüşdüyü, bəzən müsəlmanlara qarşı döyüşənlərin sonradan islamı qəbul etdiyi bildirilir. Bu zaman fərqi cəmi 4–5 il olsa belə, nəticəni tamamilə dəyişə bilir.

Əlavə olaraq, Məhəmmədin ölüm tarixi ilə bağlı mənbələr də bir-birindən fərqlidir. İslam ənənəsinə görə, Məhəmməd 632-ci ildə vəfat edib. Lakin Presbiter Tomas kimi süryani mənbələr 634 və 636-cı illərdə Məhəmmədin hələ yaşadığını və döyüşlərdə iştirak etdiyini yazırlar. Məsələn, 636-cı ilə aid süryani əlyazmasında belə deyilir:

“Məhəmmədin rəhbərlik etdiyi ərəblər Suriyanı işğal etdilər. Qəsəbələri yandırdılar, kəndləri dağıtdılar, saysız-hesabsız insanı öldürdülər və əsir aldılar…”

Bu kimi qeydlərdən görünür ki, Məhəmmədin fəaliyyətləri 636-cı ilə qədər davam edib. Bu da 632-ci il versiyası ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, Buxaridəki iki rəvayətdə Məhəmmədin adı birbaşa İyas ibn Qabisah ilə əlaqələndirilir. Sadəcə burada ad KəşaKəbişən və ya Kəbişa kimi yazılıb. Bilindiyi kimi, ərəb dilində sait hərflər yazılmadığından, köhnə adların oxunuşu sonradan dəyişə bilər.

Buxaridə keçən ilk rəvayət belədir:

Əbu Süfyan deyir: “Heraklius mən İliyada ikən məni çağırtdırdı. Sonra Allahın rəsulunun məktubunu oxumağı istədi. Məktub oxunduqda ətrafda böyük bir səs-küy baş verdi və bizi oradan çıxardılar. Çölə çıxdığımda dostlarıma dedim: ‘İbn Əbi Kəbişənin işi böyüdü. Esfar kralı (yəni Herakl) ondan qorxur.”

İbn Abbasın başqa bir uzun rəvayətində də bu cümlə təkrarlanır:

“Şübhəsiz ki, İbn Əbi Kəbişənin işi böyümüşdür. Esfar kralı ondan qorxur.”

Buradakı “İbn Əbi Kəbişə” ifadəsi “Məhəmməd” üçün bir ünvan və ya əsl şəxs adı ola bilər. Əgər bu şəxs İyas ibn Qabisahdırsa onda bu, onu Məhəmməd ilə eyniləşdirən birbaşa dəlildir.

Rəvayət və hədislərdə bu şəxs sonradan islam peyğəmbəri ilə əlaqələndirilmiş, lakin əslində o, xristian mənşəli bir ərəb rəhbəri olmuş ola bilər. İslamın ilk dövrlərində bilavasitə “İslam” adlandırılan bir dinin olmaması bu ehtimalı daha da gücləndirir.

Quranın məzmunu və Məhəmmədin dini təsirləri: Yəhudi, xristian və zərdüşti izlər

Tarixi baxımdan Məhəmməd (əgər o, həqiqətən İyas ibn Qabisahdırsa) adi bir çoban və ya sıravi şəxs ola bilməzdi. Çünki heç bir tayfa, xüsusilə də, o dövrdə qəbilə əsaslı yaşayan ərəblər sıradan bir çobanı lider kimi qəbul etməz, ona itaət etməzdi. Tarixi mənbələrə əsasən o, bir kral, şahzadə və ya vali idi. Bu da onun soylu bir ailədən gəldiyini göstərir. Hətta Lahmi ərəblərinin Hira şəhərinə valilik etməsi də onun siyasi nüfuzunun göstəricisidir.

Züqar döyüşü zamanı Sasanilərin tərəfində ərəb tayfalarına qarşı döyüşən şəxs, böyük ehtimalla elə “tarixi Məhəmməd”dir. Bu döyüşdə uduzur, lakin sonradan siyasi vəziyyət dəyişdikdə, farslara qarşı mövqe tutur və ərəb tayfaları ilə birləşir.

Tarixçi Təbəri bu döyüş barədə yazarkən Məhəmmədin belə dediyini qeyd edir:

“Bu, ərəblərin farslardan ədalətli intiqam aldığı ilk döyüşdür və bu zəfəri yalnız mənim vasitəmlə əldə edə bildilər.”

Buradan göründüyü kimi, Təbəri artıq İslamın formalaşdığı dövrdə yaşamış və tarixi Məhəmmədi İslamın peyğəmbər obrazına uyğunlaşdıraraq, onu farsların qarşısına qoymuşdur. Halbuki əslində Məhəmməd (İyas ibn Qabisah) əvvəlcə Sasani tərəfdarı olmuş, sonradan siyasi xətt dəyişərək ərəb tayfaları ilə ittifaq qurmuşdu.

Quranda yer alan ayələr, əslində hansı dini mənbələrdən gəlir?

Quranda yer alan demək olar ki, bütün mətnlər yəhudi, xristian və zərdüşti dini ənənələrindən qaynaqlanır. Hətta yəhudilərə və xristianlara qarşı yazılmış kimi görünən bəzi mətnlərin özü də həmin dinlərin daxili məzhəb çəkişmələrinin məhsuludur.

Misal üçün, Quranda “nasrani” və “nasara” kimi tərcümə edilən ifadələr sadəcə “xristian” mənasını vermir. Bunlar xristian cərəyanları arasında olan fərqləri də ehtiva edir. İlk xristian kilsəsində ciddi mövqe parçalanmaları vardı. Bəziləri İsanı Tanrı, bəziləri isə sadəcə peyğəmbər hesab edirdi. Bəziləri dünyanı Tanrı deyil, daha aşağı səviyyəli yaradıcı bir varlığın idarə etdiyini düşünürdü.

Beləliklə, Məhəmməd (İyas ibn Qabisah) çox böyük ehtimalla Nəsturi və ya Ebionit cərəyanına mənsub xristian idi. Ola bilsin ki, əvvəl Nəsturi olub, sonradan Ebionit fikirlərdən təsirlənmiş olsun. Hər iki cərəyan da Zərdüştiliklə mədəni təmasda olmuş, yeni bir din yaratmaq üçün uyğun zəmin təqdim edirdi.

Ebionitlər kim idi? Onlara görə İsa Tanrı deyil, bir insan və peyğəmbər idi. Buna Quranda da açıq-aşkar işarələr var.

Maidə surəsi 5:72

“Allah Məryəm oğlu Məsihdir!” – deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.

Maidə surəsi 5:75

Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər Həzrət İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, atasız dünyaya gəldiyini və anasının da çox namuslu və dürüst bir qadın olduğunu bir çox yerdə qeyd edərək bu iftiranı rədd edir. Xristianlar isə İsa peyğəmbəri və anasını ilahiləşdirdilər. Quran onların da adi insanlar kimi yeyib-içdiklərinə işarə etməklə bu iddianı da rədd edir. Belə ki, əgər onlar ilah olsaydılar, yeməyə və içməyə ehtiyacları olmazdı.)

Onlar Qüdsü qiblə olaraq ibadət edirdilər. Bu arada, Quranda ilk qiblənin Qüds olması qeyd olunur. Onlar şənbə günü istirahət (şabat) qanununa riayət edirdilər. Onlar sünnət olurdular, donuz və digər haram heyvanları yeməzdilər. Üçləməni (teslis) rədd edirdilər. Tövratın təhrif edildiyinə inanırdılar. Quranda da bu tez-tez vurğulanır.

Nisa surəsi 4:171

Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur (Onun tərəfindən üfürülmüş bir ruhdur). Ona görə də Allaha və peyğəmbərlərinə iman gətirin və “(Tanrı) üçdür” ­ deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.

Nəsturilər (Nestorianlar) isə Məryəmin “Tanrının anası” deyil, sadəcə saf və günahsız bir qadın olduğuna inanırdılar (Quranda da bu belədir). Onlara görə, İsa ilahi və insani tərəfləri olan, lakin Tanrı oğlu olmayan bir varlıq idi. Quranda, İsanın çarmıxda ölmədiyi və sadəcə “onlara elə göründüyü” qeyd edilir. Bu fikirlərin hamısı şərq kilsələrinin mövqeləri idi. Lakin bu kilsələr, Bizans (İstanbul) kilsəsi tərəfindən “sapqın, azğın” elan olunmuşdu. Deməli, Məhəmməd, zəngin dini ənənələri bilən, bu bilgiləri xalq arasında yayaraq nüfuz qazanan, yeni bir dini-siyasi hərəkat başlatmaq üçün tarixi fürsətdən istifadə edən bir lider idi.

Əgər İyas ibn Qabisah, həqiqətən də, Məhəmməddirsə, onun yaratdığı din tamamilə yeni deyil, sadəcə şərq xristianlığı, yəhudi ənənəsi və zərdüşti inancların sintezi olan bir modeldir.

Diplomatik məktublar, sikkələr və İslamın ilk simvolları

Tarixi qeydlərə əsasən, Məhəmməd diplomatik məktublar yazmışdı. Əgər o, həqiqətən İyas ibn Qabisah idisə, bu məktublardan biri də onu taxtdan salan və sürgün edən Sasani hökmdarı II Xosrov Pərvizə yazılmış ola bilərdi.

Həmçinin o, Bizans imperatoru Herakliusa da məktub göndərərək onu öz dininə dəvət etmişdi. Bunun səbəbi o dövrdə şərq xristianlığı ilə Bizans arasında ciddi fikir ayrılıqlarının olması idi. Xüsusilə də, İsanın ilahi təbiəti məsələsində bu fikir ayrılığı daha qabarıq idi.

Bu məktublarda “Allah” kəlməsi işlədilmiş ola bilər, amma bu ifadə xristian və ya yəhudi ərəb üçün də adi idi. “Allah” sözü İslamdan əvvəl də Tanrı mənasında geniş şəkildə istifadə olunurdu. Yəni bu sözün işlədilməsi İslamın spesifik göstəricisi deyil.

 

Sikkələrə nəzər saldıqda da bu yanaşma özünü göstərir. Əməvilərin son dövrlərinə qədər kəsilmiş sikkələrin əksəriyyətində “MHMT” (Məhəmməd) hərfləri ilə yanaşı xristian xaçı və ya zərdüşti atəş altarları təsvir olunur. “Bismillah” yazılan bəzi sikkələrdə həcc simvolları da vardı. “Bismillah”, yəni “Allahın adı ilə” ifadəsi də İslamdan əvvəlki ərəblər arasında istifadə olunurdu. “İlah” və “Allah” sözləri Tanrı mənasına gəlirdi. Yəni bu da yalnız İslama aid bir forma deyil.

Maraqlıdır ki, 686-cı ildən əvvəl basılmış bir çox sikkədə yalnız “Bismillah” və xaç motivləri olur, amma Məhəmmədin adı yoxdur.

Bəzi tədqiqatçılar bu sikkələr barədə müxtəlif izahlar versə də, çoxları bu ziddiyyətləri İslam dövlətinin öz pulunu kəsmək iqtidarında olmaması ilə əlaqələndirir. Bu isə o qədər də məntiqli deyil. Çünki bu, 70 il boyunca İslamın öz dini simvollarından istifadə etməməsi demək olardı ki, bu da tarixi baxımdan inandırıcı deyil. Bu qədər yazılı və maddi mənbədən sonra bir sual hələ də cavabını almayıb:

İslamın mənşəyi ilahi vəhyə, yoxsa siyasi və ideoloji ehtiyaclaramı əsaslanır? Görünən odur ki, bu dinin kökü siyasi mübarizə və məzhəblərarası qarşıdurmaların məhsulu kimi formalaşmışdır.

“Məhəmməd” adı bir sifət və ünvan kimi: Nəcran qaya yazısı nümunəsi

Tədqiqatın əvvəlində qeyd olunmuşdu ki, o dövrdə “Məhəmməd” ünvanına sahib başqa şəxslər də mövcud olub. İndi bu iddianı sübut edən daş üzərində yazılmış konkret tarixi sənəd təqdim edirik. 523-cü ilin iyul ayına aid olan Nəcran qaya yazısı belədir:

“Göylərin və yerin sahibi olan Tanrı, bütün tayfaların kralı Yusuf Asar Yasarı və onun sərkərdələrini qorusun və müqəddəs etsin. Bu yazı göylərin və yerin qorunması üçün, zərər görməməsi və alçaldılmaması üçün yazılmışdır. Uca Rahman onu alçaq olanlardan qorusun. Bu yazı Hadyatlı Temim tərəfindən Məhəmməd və yəhudilərin Rəbbinin (Rahmanın) adına yerləşdirilmişdir.”

Bu yazıdan açıq şəkildə görünür ki, burada “Məhəmməd” şəxs adı deyil, bir sifət və ya titul kimi işlənib. “Yəhudilərin Rəbbi Rahman” ilə yanaşı çəkilməsi göstərir ki, “Məhəmməd” burada “təriflənmiş, öyülmüş” mənasında dini bir keyfiyyət ifadə edir. Bu yazı İslamdan ən azı 100 il əvvələ aiddir və artıq bu ad o dövrdə ilahiləşdirilmiş anlayışlarla birgə istifadə olunurdu.

Bütün bu mənbələrdən belə nəticəyə gəlmək olar ki, “Məhəmməd” adı ərəb dilində sonradan işlənmiş işarə və saitlərin əlavə olunması ilə müxtəlif formalara salınmış bir sifətdir. Bu adın fərqli şəxslər tərəfindən ünvan olaraq istifadə edildiyi aydın şəkildə sübut olunur. Quranda da yer alan “Məhəmməd” ifadəsi çox böyük ehtimalla bir şəxsi ad deyil, gözlənilən, təriflənən, arzu edilən bir məna daşıyan tituldur və bu, məhz, o dövrdə Məsih inancı ilə paralel formalaşmış anlayışdır.

Nəticə olaraq araşdırma onu göstərir ki, İslamın formalaşmasında rol oynadığı düşünülən “Məhəmməd” konkret bir tarixi şəxsiyyət – İyas ibn Qabisah ola bilər. Quranda yer alan dini konsepsiyalar və terminlər əsasən yəhudi, xristian və zərdüşti qaynaqlardan götürülmüşdür. Məhəmmədin dini və siyasi fəaliyyətləri, onu adi bir ticarətçi və ya çoban kimi deyil, siyasi lider, vali və ya kral kimi tanımağımıza imkan verir. “Məhəmməd” adı şəxsi ad yox, universal dini-siyasi sifət olaraq bir neçə fərqli şəxs tərəfindən istifadə edilmişdir.

Bütün bunlar bizə İslamın tarixi köklərinin çox daha mürəkkəb, çoxqatlı və fərqli mənbələrlə bağlı olduğunu göstərir. Beləliklə, bu araşdırma Məhəmmədin peyğəmbərliyinin və şəxsiyyətinin tarixi əsaslarının yenidən nəzərdən keçirilməsinə ciddi zərurət olduğunu ortaya qoyur.

*********************************************

[1] Siyər sözü ərəb dilində “sira” (cərəyan, getmək, yol, həyat tərzi) sözündən gəlir və peyğəmbərin həyatı mənasında işlənir. İslam ədəbiyyatında “əs-Siyər ən-Nəbəviyyə”, yəni peyğəmbərin həyatı adlanan bir janr formalaşıb.

[2] Məğazi “qazavat” (yəni döyüşlər, səfərlər) sözünün cəmidir. Bu termin Məhəmməd peyğəmbərin rəhbərliyi ilə baş tutan hərbi yürüşlər və döyüşlərin tarixini ifadə edir.

[3] Hədis (“söz”, “söhbət”, “rəvayət”) İslam dinində Məhəmməd peyğəmbərin sözləri, əməlləri, təsdiqləri və səssiz razılıqları kimi qəbul edilən rəvayətlərə verilən addır. Hədislər, Qurani-Kərimdən sonra İslamın ikinci əsas mənbəyidir və İslam hüququnun (fiqh), əxlaqının və ibadətinin formalaşmasında mühüm rol oynayır.

********************************************

Patricia Crone & Michael Cook — Hagarism: The Making of the Islamic World (Cambridge University Press, 1977)

www.quran.az