Medvedev Paşinyanı Ermənistanı “Ukrayna yolu”na aparmaqda ittiham etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Moskvanın strateji tərəfdaşı Ermənistan xalqıdır, Paşinyanın siyasəti isə ölkəni Rusiya bazarından və Avrasiya İqtisadi Birliyindən uzaqlaşdıra bilər.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanı Moskva ilə münasibətləri qəsdən pozmaqda ittiham edib. O bildirib ki, Rusiya üçün strateji tərəfdaş “hər hansı erməni rəhbəri” deyil, Ermənistan xalqıdır. Medvedevin sözlərinə görə, Ermənistan Rusiya üçün tarixən yaxın ölkə olaraq qalır, lakin Paşinyanın siyasəti iki ölkə arasında münasibətləri ciddi risk altına salır. 

Xəbəri “Газета.Ru” nəşrinə istinadən təqdim edirik.

Medvedev Paşinyanın xarici siyasət kursunu “Ermənistan üçün təhlükəli” adlandırıb. O iddia edib ki, hazırkı kurs davam edərsə, Ermənistan Rusiya bazarını, Avrasiya İqtisadi Birliyi çərçivəsindəki imkanları və onilliklər ərzində formalaşmış iqtisadi əlaqələri itirə bilər. Rusiya rəsmisi həmçinin Ermənistanın Aİ-yə yaxınlaşmaqla eyni vaxtda Avrasiya İqtisadi Birliyinin üstünlüklərini qorumağa çalışmasını tənqid edib.

Medvedevin ən sərt açıqlamalarından biri Paşinyanın Ermənistanı “Ukrayna yolu”na aparması ilə bağlı olub. O, Ermənistan baş nazirinin ölkəni Rusiyadan uzaqlaşdırdığını və bunun Ukrayna ssenarisinə bənzər nəticələr yarada biləcəyini iddia edib. Rusiya mediası Medvedevin bu fikirlərini Moskvanın İrəvanın Qərbə yaxınlaşmasından narahatlığının növbəti təzahürü kimi təqdim edib.

Moskva İrəvanı Rusiya yönümlü inteqrasiya mexanizmlərindən uzaqlaşacağı halda ucuz qaz və iqtisadi güzəştləri itirə biləcəyi barədə xəbərdar edib. Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın hazırda Rusiyadan 1000 kubmetr üçün 177,5 dollar qiymətlə qaz aldığını, Avropada isə qiymətlərin xeyli yüksək olduğunu bildirib.

Bununla yanaşı, Ermənistan tərəfi Rusiya ilə siyasi və iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını bildirir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Rusiya ilə münasibətləri tamamilə dayandırmaq fikrində olmadığını vurğulayıb. Lakin Ermənistanın Aİ ilə yaxınlaşması, KTMT-də iştirakını dondurması və Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Moskva–İrəvan xəttində gərginliyi daha da artırır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.