Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi bu gün paytaxt Dəməşqə gəlib və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşlərə başlayıb. Abdi, Suriya Ordusunun son uğurlu hərbi əməliyyatlarından sonra atəşkəs və SDQ-nin Suriya hökumətinə inteqrasiyası kimi kritik məsələləri müzakirə etmək üçün Şaraa ilə masaya oturub.
Görüşün əsas gündəmi atəşkəs maddələri və inteqrasiya prosesidir. Abdi, artıq ikinci dəfə Suriya hökumətinin təklif etdiyi atəşkəs şərtlərini qəbul etdiyini və bu məsələləri Şaraa ilə geniş şəkildə danışacağını bildirib.
Bu arada Suriya Ordusu Haseke bölgəsində təhlükəsizliyi təmin etmək üçün irəliləyir və bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb.
Görüşlə bağlı bəzi mənbələr “nəticəsiz yekunlaşıb” iddiasını da ortaya qoyub. SDQ daxilindən verilən açıqlamada Məzlum Abdi ilə Şaraa arasındakı dialoqun nəticəsiz qaldığı və tərəflər arasında hələ razılığa gəlmədikləri iddia olunub.
İraq Kürdüstanı hökumətinə yaxın “Rudaw” telekanalının məlumatına görə, görüş zamanı Abdi bildirib ki, ABŞ guya SDQ-nə kürdlərin sıx yaşadığı bölgələrdə muxtar idarəetmə yaratmağı və vahid hərbi qüvvələrin saxlanılmasını vəd edib.
Buna cavab olaraq Suriya prezidenti sərt şəkildə vurğulayıb ki, bazar günü imzalanan 14 maddəlik razılaşmada belə müddəalar yoxdur. O bildirib ki, Dəməşq regionlara muxtariyyət vermək niyyətində deyil, SDQ döyüşçüləri isə yalnız fərdi qaydada, ayrıca struktur kimi deyil, Suriya Ordusuna qəbul oluna bilərlər.
Dəməşqdəki mənbələr həmçinin iddia edirlər ki, dialoqun dayanmasının əsas səbəblərindən biri Abdinin SDQ daxilində qərar qəbul etmək üçün real səlahiyyətlərinin olmaması olub ki, bu da danışıqları mənasız edib.
Bu kritik görüş, Suriya daxilində davam edən gərginlik və güclərin yenidən təşkil olunması prosesində həlledici rol oynaya bilər.