Marko Rubio Özbəkistana səfər edib

ABŞ Dövlət katibi Marko Rubio Özbəkistana rəsmi səfərə gəlib. Səmərqənd hava limanında onu Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva qarşılayıb. Səfər çərçivəsində C5+1 formatında danışıqlar keçiriləcək.

11

ABŞ Dövlət katibi Marko Rubio Özbəkistana səfərə gəlib. Amerikalı diplomat Səmərqənd Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva və xarici işlər naziri Bəxtiyar Səidov tərəfindən qarşılanıb.

MSNews.az xəbər verir ki, Rubio oktyabrın 18-də axşam saatlarında həyat yoldaşı ilə birlikdə Səmərqəndə gəlib. Bu, onun ABŞ Dövlət katibi vəzifəsində Mərkəzi Asiyaya ilk səfəridir.

Məlumatı “Tashkent Times”  yayıb.

Səidə Mirziyoyeva sosial şəbəkə hesabında amerikalı diplomatı qarşılamaqdan məmnunluğunu ifadə edib.

“ABŞ Dövlət katibi Marko Rubionu tarixi Səmərqənd şəhərində salamlamaqdan məmnunam. Bu, onun Mərkəzi Asiyaya ilk səfəridir”, – deyə o bildirib.

Səfər çərçivəsində ABŞ və Mərkəzi Asiyanın beş ölkəsinin iştirakı ilə C5+1 formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Danışıqlarda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və ABŞ arasında iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, ticarət və investisiya imkanlarının müzakirəsi nəzərdə tutulur.

Bundan əlavə, Səmərqənddə ABŞ–Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası təşkil olunacaq.

“Reuters” agentliyinin məlumatına görə, Rubionu səfərdə 200-dən çox Amerika şirkətinin nümayəndəsi müşayiət edir. Vaşinqton regionla iqtisadi əlaqələri, xüsusilə strateji minerallar və enerji sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.

Səfər proqramında Rubio ilə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov arasında genişləndirilmiş strateji tərəfdaşlıq dialoqunun keçirilməsi də nəzərdə tutulub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də amerikalı diplomatla görüşü planlaşdırılır.

Marko Rubionun Özbəkistana səfəri ABŞ-nin Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək istiqamətində diplomatik təmaslarının davamı kimi diqqət çəkir.