Litvanın Baş naziri İnqa Ruginiene vəzifəsindən istefa verdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, “LRT” Litvanın 20-ci hökumətinin iyunun 23-də son iclasını keçirdiyini və nazirlərin hökumətin istefası ilə bağlı qərarı yekdilliklə təsdiqlədiyini yazıb.
Ruginiene iclasdan sonra hökumətin səlahiyyətlərini Litva Prezidenti Gitanas Nausedaya qaytardıqlarını bildirib. O, bu prosesi normal siyasi keçid kimi qiymətləndirib və vəzifədən “başını uca, ürəyi rahat” ayrıldığını deyib.
“LRT”nin məlumatına görə, istefa hakim koalisiyada aparılan yenidən formalaşdırma ilə bağlıdır. Prezident Gitanas Nauseda istefa sərəncamını aldıqdan sonra hökumətin yeni kabinet formalaşana qədər müvəqqəti qaydada fəaliyyətini davam etdirməsini istəyəcək.
Litva qanunvericiliyinə əsasən, prezident 15 gün ərzində baş nazir postuna namizədi Seymə təqdim etməlidir. Hakim koalisiya çərçivəsində bu vəzifəyə Sosial Demokratlar Partiyasının lideri Mindauqas Sinkeviçiusun namizədliyi nəzərdə tutulur.
“Reuters” daha əvvəl yazmışdı ki, Litvada yenilənmiş koalisiya Sosial Demokratlar, “Litva naminə” Demokratlar İttifaqı və Litva Fermerlər, Yaşıllar və Xristian Ailələr İttifaqından ibarət olacaq. Yeni çoxluğun Seymdə 141 yerdən 75-nə sahib olacağı bildirilir.