İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə 42 ixtisas üzrə müasir peşə təhsili həyata keçirilir.

32

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Açılışda İlham Əliyev iştirak edib.

Tədbir zamanı elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılmış müasir infrastruktur və tədris imkanları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, mərkəzin əsası 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyinin birləşdirilməsi nəticəsində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və 2024-cü ildən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Mərkəzdə tədris korpusları, idman zalı, yataqxana, kulinariya təlim binası, əkinçilik və emalatxana laboratoriyaları, istixana, avtotəmir və CNC emalatxanaları fəaliyyət göstərir. Eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, kitabxana, 300 yerlik akt zalı və yeməkxana tələbələrin istifadəsinə verilib. Yenidənqurmadan sonra mərkəzin korpuslarının sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır ki, onların 385-i qadındır. Burada turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT və alternativ enerji sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Yeni maddi-texniki baza hesabına kibertəhlükəsizlik, proqramlaşdırma, elektrik və hibrid avtomobillərə texniki xidmət, günəş panellərinin quraşdırılması və digər müasir ixtisaslar tədris olunur.

Hazırda mərkəzdə 138 nəfər çalışır və müəssisə dövlət və özəl sektoru təmsil edən 30-a yaxın qurumla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq istehsalat təlimləri, ustad dərsləri və innovativ layihələri əhatə edir.