Kolumbiya prezidenti Petro Trampa çağırdı: “Netanyahu ilə arana məsafə qoy”

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə yenidən baxmağa və Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb.

41

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa İsrailin baş naziri Benya­min Netanyahu ilə münasibətlərinə yenidən baxmaq və ondan məsafə saxlamaq çağırışı edib.

Petro bu bəyanatı ABŞ-da vətəndaş hüquqları hərəkatının tanınmış simalarından biri olan Cessi Cekson üçün Çikaqoda keçirilən vida mərasimində etdiyi çıxış zamanı səsləndirib. O, çıxışında Yaxın Şərqdə davam edən hərbi gərginliyə də toxunub.

Kolumbiya lideri Ceksonu Amerika qitəsində Afrika mənşəli xalqların azadlıq mübarizəsinin “canlı simvolu” kimi xarakterizə edib və onun irsinin ədalət və bərabərlik uğrunda mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Petro çıxışında ABŞ prezidentinə müraciət edərək bildirib:

“Bu gün ABŞ prezidentinin insanlığı uçuruma sürükləyən şəxsdən – Netanyahu­dan tam şəkildə ayrılmasının vaxtıdır”.

Yaxın Şərqdə gərginliyin getdikcə artdığına diqqət çəkən Petro, müharibə və raket hücumlarının qarşısını yalnız siyasi dialoq və beynəlxalq həmrəyliyin ala biləcəyini deyib.

Onun sözlərinə görə, “raketlərin qarşısında dayana biləcək silah yoxdur; onların qarşısında dayana biləcək yeganə qüvvə arxasında bütün insanlığı birləşdirən sözün gücüdür”.

Petro bölgədə artan hərbi eskalasiyaya görə İsrailin baş naziri Benyamin Netanyahunu məsul tutaraq Yaxın Şərqdə mümkün qədər tez sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.

Kolumbiya prezidentinin çıxışı mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və bəzi iştirakçılar ayağa qalxaraq ona dəstək ifadə ediblər.

Mərasim çərçivəsində Petro ABŞ-nin sabiq prezidenti Barak Obama ilə də qısa söhbət edib.