Keçmiş “Chevron” rəhbəri Əli Moşiri ABŞ-ın Maduro əməliyyatından əvvəl MKİ-yə məsləhətlər verib

Keçmiş "Chevron" rəhbəri Əli Moşiri ABŞ-ın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi əməliyyatından əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə siyasi və neft sektoru ilə bağlı məsləhətlər verib.

22

ABŞ-ın Venesuelada keçirdiyi və prezident Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatdan əvvəl ABŞ kəşfiyyatı keçmiş neft menecerindən məsləhətlər alıb. Bu barədə “The Wall Street Journal” yazır.

Məlumata görə, ABŞ neft nəhəngi “Chevron”-un keçmiş yüksək vəzifəli meneceri Əli Moşiri əməliyyatdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) ilə məsləhətləşmələr apararaq Vaşinqtona Venesueladakı siyasi vəziyyət barədə qiymətləndirmələr təqdim edib. Mənbələr bildirir ki, Moşiri ABŞ rəhbərliyinə xəbərdarlıq edib: əgər Vaşinqton müxalifət lideri Mariya Korina Maçadonu hakimiyyətə gətirməyə çalışsa, ölkə İraq və ya Əfqanıstan kimi uzunmüddətli xaosa sürüklənə bilər.

Onun fikrincə, Venesuela müxalifəti nə təhlükəsizlik strukturlarının, nə də ölkənin əsas iqtisadi dayağı olan neft sənayesinin real dəstəyinə malik idi. Bu səbəbdən belə bir ssenari dövlət institutlarının dağılması və sabitliyin pozulması ilə nəticələnə bilərdi.

Moşiri alternativ variant kimi Maduronun yaxın müttəfiqi və hökumətdə iqtisadi siyasətin əsas fiqurlarından biri olan Delsi Rodrigesin daha sabit keçid variantı ola biləcəyini qeyd edib. Mənbələrə görə, bu yanaşma sonradan MKİ-nin gizli analitik qiymətləndirməsində də əks olunub və ABŞ prezidenti Donald Trampa təqdim edilib.

Qeyd olunur ki, Moşiri Venesuelada uzun illər işlədiyi dövrdə ölkənin siyasi və iqtisadi elitası ilə geniş əlaqələr qurub. O, hətta ölkənin keçmiş prezidenti Uqo Çaves ilə şəxsi münasibətlərə malik idi və bu əlaqələr ABŞ kəşfiyyatı üçün ölkədəki real vəziyyəti anlamaqda mühüm mənbə hesab olunurdu.

Məlumata görə, ABŞ kəşfiyyatının Venesuela daxilində məlumat toplamaq imkanları məhdud olduğu üçün Moşiri kimi biznes dairələrinin nümayəndələrinin informasiyaları Vaşinqtonun post-Maduro ssenarilərinin planlaşdırılmasına təsir göstərib.

Bununla yanaşı, “Chevron” şirkəti bildirib ki, heç kimə MKİ ilə bu cür təmaslara rəsmi icazə verilməyib və şirkətin Maduroya qarşı keçirilən əməliyyat barədə əvvəlcədən məlumatı olmayıb.

ABŞ qüvvələri 2026-cı ilin yanvarında keçirilən xüsusi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronu ələ keçirərək ölkədən çıxarıb. Bu əməliyyat ABŞ xüsusi təyinatlı qüvvələri və MKİ tərəfindən planlaşdırılmış genişmiqyaslı hərbi və kəşfiyyat əməliyyatının bir hissəsi idi.