Katolikosun mümkün istefası fonunda Rusiyada “mühacir kilsə” ssenarisi

Mənbələrin iddiasına görə, Ktrıç Nersisyanın mümkün istefası ərəfəsində Rusiyada Ermənistan Apostol Kilsəsi ilə bağlı alternativ idarəetmə ssenariləri müzakirə olunur.

81

Katolikosun mümkün istefası ərəfəsində Rusiyada ssenarilər müzakirə olunur.

“Bagramyan 26” teleqram kanalının yaydığı məlumata görə, Ktriç Nersisyanın mümkün istefası fonunda Rusiyada müəyyən siyasi və kilsədaxili proseslər baş verir. Bildirilir ki, Rusiya güc strukturları Nersisyanın yaxın vaxtlarda Ermənistanda vəziyyətə nəzarəti saxlaya bilməyəcəyini və nəticədə ya istefaya məcbur qalacağını, ya da ölkəni tərk edəcəyini proqnozlaşdırır.

Məlumatda qeyd olunur ki, belə bir ssenari baş verərsə, Ktriç Nersisyanın katolikosluq taxt-tacından imtina etmədən Rusiyaya keçməsi və oradan idarəetməni distant şəkildə həyata keçirdiyini elan etməsi variantı üzərində işlənir. Hətta Rusiyada Ermənistan Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan yeparxiyası ilə Cənubi Rusiya yeparxiyasının birləşdirilməsi, bununla da “sürgündə katolikosluq taxtı” görüntüsünün yaradılması ssenarisi müzakirə edilir. Mənbə bu modeli Livandakı Antelias katolikosluğu ilə müqayisə edir.

Bu yanaşmanın Ermənistan Apostol Kilsəsini parçalamaq və kənardan növbəti zərbə vurmaq riski yaratdığı vurğulanır. Ruhani dairələrin mövqeyini yoxlamaq məqsədilə, iddiaya görə, Ktrıç Nersisyanın qardaşı Mkrtıç (Ezras) bir neçə gün əvvəl Moskvada ruhanilərin toplantısını çağırıb və sözügedən ssenarini təqdim edib.

Toplantıda iştirak edən ruhanilərin əksəriyyəti bu planın kilsə üçün parçalanma yaradan addım olacağını, bunun nəticələrinin uzun müddət aradan qalxmaya biləcəyini bildirib. Buna baxmayaraq, Ezrasın əsas alternativ kimi məhz bu ssenarini önə çəkdiyi və onun müəyyən mənada məcburi xarakter daşıdığını, hətta Rusiya xüsusi xidmət orqanları tərəfindən diktə edildiyini söylədiyi iddia olunur.

Mənbə qeyd edir ki, mümkün yanlış yozumların qarşısını almaq məqsədilə yayılan məlumatlar Rusiya və Yeni-Naxçıvan Yeparxiyasının Ermənistan Apostol Kilsəsinə bağlı ruhanilərindən əldə olunub. Bildirilir ki, sözügedən ruhanilər faktiki olaraq təzyiq altında saxlanılır və açıq şəkildə etiraz etmək imkanına malik deyillər. Onların iddiasına görə, Mkrtıç Nersisyan (Ezras) vasitəsilə onlarla birbaşa Rusiya xüsusi xidmət orqanları danışır və Ezras bunu bəzən açıq şəkildə etiraf etməkdən çəkinmir.

Mənbənin məlumatına əsasən, irəli sürülən ssenari Rusiya xüsusi xidmət orqanlarında çalışan etibarlı əlaqə tərəfindən də təsdiqlənib. Bildirilir ki, hazırkı mərhələdə Ktriç Nersisyanın müstəqil qərarvermə imkanı yoxdur, o, faktiki olaraq nəzarət altındadır və ona ötürülən göstərişləri nə müzakirə, nə də dəyişdirmə səlahiyyətinə malikdir.

İddialara görə, Ktriç Nersisyan qarşısında iki seçim dayanır. Birinci variant ona verilən tapşırıqları icra edərək Ermənistan Apostol Kilsəsinə qarşı ağır nəticələr doğura biləcək addımlar atmaqdır. İkinci variant isə bu göstərişlərdən imtina etməkdir ki, bu halda Moskvada onun qardaşı Mkrtıç Nersisyanın həbs ediləcəyi, maliyyə və agentura dosyelərinin ictimailəşdiriləcəyi bildirilir.

Mənbə vurğulayır ki, hər iki qardaşın əvvəlki davranışları nəzərə alınaraq Ktriç Nersisyanın birinci yolu seçəcəyi ehtimalı daha yüksək qiymətləndirilir. Bununla belə, ümid edilir ki, Ermənistanın xüsusi xidmət orqanları bu ssenarinin reallaşmasına imkan verməyəcək və kilsədaxili parçalanmaya yol verilməyəcək.