Kanada hökuməti Qəzza üçün yaradılan “Sülh Şurası”na qoşulmaq məqsədilə hər hansı maliyyə öhdəliyi götürməyəcəyini bəyan edib. Fransua-Filip Şampan bu açıqlamanı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində verib.
“CBC News”-un məlumatına görə, Şampan bildirib ki, Şuranın fəaliyyət mexanizmi və səlahiyyətləri hələ ilkin mərhələdədir və bir çox detallara aydınlıq gətirilməlidir. O vurğulayıb ki, Kanada bu təşəbbüsə qatılarsa, bunun üçün heç bir ödəniş etməyəcək. Nazir eyni zamanda qeyd edib ki, məsələ ilə bağlı son qərar ölkənin maraqları nəzərə alınaraq Baş nazir Mark Karni tərəfindən veriləcək.
Xatırladaq ki, daha əvvəl “Associated Press” agentliyinə danışan və adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Sülh Şurası”nda daimi üzv statusu əldə etmək üçün üzvlərdən 1 milyard dollar məbləğində maliyyə töhfəsi tələb oluna biləcəyini iddia etmişdi. Həmin mənbə hazırda adı çəkilən üzvlərin üç il müddətinə Şurada təmsil olunacağını və bu mərhələdə ödəniş şərtinin olmadığını, toplanacaq vəsaitlərin isə Qəzzanın yenidən qurulmasına yönəldiləcəyini bildirmişdi.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixli qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza münaqişəsinin həlli planını dəstəkləyib. Bu qərardan sonra Trampın sədrliyi ilə “Sülh Şurası” yaradılıb.
Diplomatik mənbələr bildirir ki, yeni struktur çərçivəsində “Sülh Şurası”, “Sülh İdarəetmə Şurası” və “Qəzza İdarəetmə Şurası” adlı üç əsas mexanizm formalaşdırılıb. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff isə yanvarın 14-də Qəzza ilə bağlı 20 maddəlik planın ikinci mərhələsinin başladığını açıqlayıb.