İranın keçmiş xarici işlər naziri Kamal Xarazi Tehranda baş verən hücum zamanı yaralanıb. Bu barədə SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Tehran şəhərinin atəşə tutulması nəticəsində baş verib. Hücum zamanı Xarazinin həyat yoldaşının öldürüldüyü bildirilir.
Kamal Xarazi İranın tanınmış diplomatlarından və islahatçı siyasi fiqurlarından biri hesab olunur. O, hazırda ölkə rəhbərliyinə xarici siyasət üzrə tövsiyələr verən İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının sədridir. Xarazi 1997–2005-ci illərdə Məhəmməd Xatəmi administrasiyasında xarici işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə 1989–1997-ci illərdə İranın BMT-də daimi nümayəndəsi olub.
Hadisənin detalları və hücumun səbəbləri ilə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.