İzmitə düşən PUA: Türkiyəyə mesaj, yoxsa Qara dənizdə təhlükəli oyun?

İzmitə düşən PUA regionda artan gərginliyi yenidən gündəmə gətirdi. Ekspert hadisəni Qara dənizdə maraqlar toqquşması və Türkiyəyə siyasi-hərbi mesaj kimi dəyərləndirir.

101

Türkiyə gündəmi Kocaeli vilayətinin İzmit rayonuna bağlı Çubuklubala kəndində pilotsuz uçuş aparatının (PUA) düşməsi barədə məlumatla çalxalanır. Hadisə regionda artan təhlükəsizlik risklərini yenidən gündəmə gətirib. Məlumat daxil olan kimi jandarma və müvafiq xidmətlərin əməkdaşları əraziyə cəlb olunub, araşdırmalara başlanılıb.

İlkin məlumatlara görə, PUA-nın Rusiya ordusuna aid kəşfiyyat dronuna bənzər texniki xüsusiyyətlər daşıdığı bildirilir. Xüsusilə rus ordusunun istifadə etdiyi “Orlan-10” (və ya “Geran-2”) tipli kəşfiyyat PUA-ları ilə oxşar görünüşə malik olması diqqət çəkir. Qeyd edək ki, bu tip PUA-lar Ukrayna münaqişəsi zamanı ən çox məhv edilən dronlar sırasındadır.

Sözügedən PUA-nın arxa hissəsində qırmızı ulduz simvolunun olduğu iddia edilir. Bu detal, onun Rusiyaya məxsus olmasına dair fərziyyələri gücləndirir. Hazırda rəsmi qurumlar cihazın mənşəyini, uçuş trayektoriyasını və düşməyə səbəb olan amilləri müəyyənləşdirmək məqsədilə texniki ekspertiza aparır.

PUA-nın məhz, İzmit ərazisinə düşməsi ayrıca diqqət doğurur. Belə ki, İzmit–Gəbzə xətti Türkiyənin həm hərbi, həm də mülki sənaye baxımından ən strateji bölgələrindən biri hesab olunur. Bu ərazidə minlərlə zavod və fabriklə yanaşı, elmi-tədqiqat mərkəzləri və texnoloji inkişaf institutları fəaliyyət göstərir. Xüsusilə, pilotsuz sistemlər və müdafiə sənayesi üzrə mühüm layihələrin böyük hissəsi məhz, bu regionda icra olunur.

Hadisə fonunda Türkiyənin Rusiya ilə münasibətləri də yenidən müzakirə predmetinə çevrilib. Son dövrlər Ankara ilə Moskva arasında əvvəlki illərlə müqayisədə koordinasiyanın zəiflədiyi, regionda Türkiyənin artan təsirinin Rusiya tərəfindən narahatlıqla qarşılandığı bildirilir. Ekspertlərin fikrincə, əsas mübarizə meydanı Qara dəniz və onun ətrafındakı ortaq təsir zonalarıdır.

QAFSAM-ın eksperti Novruzəli Yusubzadə MSNews.az-a açıqlamasında son günlər müşahidə edilən PUA hadisələrinin təsadüfi xarakter daşımadığını bildirib:

“Türkiyə daha öncə Rusiya ilə anlaşdığı taxıl korridorunu təkrar bərpa edib, Qərb və Afrika üzərində yumşaq güc rıçaqı qazanaraq, Rusiya-Ukrayna münaqişəsində tərəfsiz arbitr rolunu oynaya biləcəyini göstərmək istəyir. Lakin burada bəzi qeyri-müəyyənliklər var. Məsələn, artıq Türkiyə ilə ABŞ münasibətləri yaxşı səviyyədədir. ABŞ də NATO tərəfi olaraq Rusiyanın kölgə donanmalarına qarşı mübarizədə Türkiyəni də yanında görmək istəyir. Bütün bunlar Türkiyənin manevr qabiliyyətini azaldır. Rusiya isə həm hərbi, həm siyasi mesaj olaraq bu cavabı verir.”

N.Yusubzadə qeyd edir ki, bu mesajlar xüsusilə, Türkiyənin əsas uçuş trayektoriyalarının, iqtisadi və texnoloji mərkəzlərinin üzərindən ötürülür:

“Bu ərazilər ən son model döyüş təyyarələrinin və PUA-ların test edildiyi zonalardır. Siyasi mesaj isə açıqdır – müharibənin Qara dəniz boyunca genişləndirilməsi imkanının mövcud olduğu göstərilir.”

Xatırladaq ki, 15 dekabr tarixində Çankırı/Elmadağ üzərində Rusiya mənşəli olduğu ehtimal edilən dron F-16 qırıcısı tərəfindən vurulmuşdu. Həmin hadisə zamanı niyə hava hücumundan müdafiə sistemləri deyil, məhz F-16-nın istifadə edilməsi suallar doğurmuşdu. Ekspertlər bunu hədəfin vizual təsdiqi və mümkün mülki risklərin qarşısının alınması ilə izah edirlər.

Bu tip dronların İzmitə qədər uça bilməsi isə İstanbul və ətraf bölgələrdə mümkün kəşfiyyat boşluqları ilə bağlı narahatlıqları artırır.

Novruzəli Yusubzadənin fikrincə, Rusiyanın əsas məqsədi Türkiyəni münaqişənin aktiv tərəfinə çevirmək deyil, onu çəkindirməkdir:

“Rusiya üçün Türkiyənin neytral qalması vacibdir. Bu mümkün olmadıqda isə çəkindirmə mexanizmi işə salınır. Son illərdə NATO ilə mümkün müharibə ritorikasının artması fonunda Baltik və Qara dənizdə bu cür hadisələrin çoxalması təəccüblü deyil.”

Ekspert əlavə edir ki, prosesdə Avropa İttifaqının da dolayı maraqları mövcuddur və Türkiyənin Rusiya ilə münasibətlərində gərginliyin artması bir çox tərəflər üçün faydalı hesab olunur.

Mövcud vəziyyət göstərir ki, İzmitə düşən PUA təkcə texniki insident deyil, daha geniş geosiyasi kontekstin tərkib hissəsidir. Qara dənizdə “suların isinməsi” isə regionda yaxın dövrdə risklərin daha da artacağını istisna etmir.