İtaliyanın Milan şəhərində yerləşən “Opera” həbsxanasında son onilliklərin ən səs-küylü qaçış hadisələrindən biri qeydə alınıb.
Alban əsilli, xüsusilə təhlükəli məhbus kimi tanınan 41 yaşlı Taulant Toma 7 dekabr səhər saatlarında həbsxanadan qaçmağa müvəffəq olub.
İstintaq mənbələrinin verdiyi məlumata görə, Toma aylarla davam edən planlı hazırlıq nəticəsində bu qaçışı həyata keçirib. O, əvvəlcədən ciddi pəhriz saxlayaraq xeyli çəki atıb ki, kameradakı dəmir barmaqlıqlarda yaratdığı dar dəlikdən keçə bilsin. Məhbus iş zonalarından gizli şəkildə əldə etdiyi primitiv alətlərlə – mişar, dırnaqtutan, kəlbətin, metal parçaları və açarlardan istifadə edərək barmaqlıqları kəsib.
Toma daha sonra bir-birinə bağlanmış mələfələr vasitəsilə təxminən 15 metr hündürlükdən aşağı enib, ardınca isə bir neçə süpürgə sapını lentlə birləşdirərək hazırladığı improvizə olunmuş “nərdivan”la 6 metrlik xarici divarı aşıb.
Həbsxananın xarici müşahidə kameraları onun saat 06:30 radələrində sakit şəkildə, piyada ərazini tərk etdiyini qeydə alıb. Maraqlıdır ki, təhlükəsizlik siqnalı işə düşməyib və mühafizəçilər məhbusun yoxa çıxmasını yalnız iki saat sonra – saat 08:00-da aşkarlayıblar. Qaçış üçün bazar gününün seçilməsi də təsadüfi sayılmır – həmin gün həbsxana qısaldılmış iş rejimində fəaliyyət göstərir.
Bir neçə saat sonra polis əməkdaşları avtomagistralın kənarında tərk edilmiş bir furqon aşkar ediblər. İstintaq orqanları hesab edir ki, Toma əvvəlcədən təşkil olunmuş xarici əlaqə və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Onun alban mafiya strukturları ilə mümkün əlaqələri nəzərə alınaraq, artıq İtaliya sərhədlərini tərk etmiş ola biləcəyi istisna edilmir.
Qeyd edək ki, Taulant Toma İtaliya Penitensiar Administrasiyasının (DAP) sənədlərində “xüsusilə təhlükəli məhbus” kateqoriyasına daxil edilib.
Bu, onun ilk qaçışı deyil. Birinci dəfə 2009-cu ildə Terni şəhərində futbol matçı zamanı qaçıb 2013-cü ildə isə Parmada almaz sapla dəmir barmaqlıqları kəsərək və Belçikada digər məhbusların köməyi, girov və həbsxana ərazisinə daxil olan avtomobil vasitəsilə qaçmağı bacarıb.
O, həmçinin Admir Dedinka saxta adı ilə də tanınıb. Toma silahlı soyğunçuluq, narkotik və silah saxlama maddələri üzrə təqsirli bilinib və ümumi cəzası təxminən 24 il təşkil edir.
Hazırda Lombardiya bölgəsində, xüsusilə Milan şəhərinin çıxış nöqtələrində gücləndirilmiş postlar qurulub. Axtarış orderi bütün Avropa İttifaqı ərazisini əhatə edir. Rəsmi qurumlar isə hələlik məhbusun bu qədər alət toplaması, barmaqlıqları kəsməsi və həyəcan siqnalı işə düşmədən qaçması ilə bağlı detallı şərh verməkdən çəkinir. İstintaqın əsas versiyalarından biri daxildən mümkün kömək ehtimalıdır.
Mütəxəssislərin fikrincə, bu hadisə İtaliyada son onilliklərin ən ciddi penitensiar uğursuzluğu kimi tarixə düşə bilər.