İsrailin sabiq Baş nazirinin gizli məlumatları sızdı: Mossad agentləri risk altında

Naftali Bennettin şəxsi məlumatları və telefon kitabçası İran mərkəzli hacker qrupu tərəfindən sızdırılıb. Mossad və Şin Bet agentlərinin məlumatları da təhlükə altında ola bilər.

71

İsrailin sabiq Baş Naziri Naftali Bennettə aid telefon kitabçası, mesajlar və şəxsi görüntülərin internetə sızdığı İsrail təhlükəsizlik rəsmiləri tərəfindən təsdiqlənib.

Sızıntının İran mərkəzli, Fələstin tərəfdarı “Handala” adlı hacker qrupu tərəfindən həyata keçirildiyi bildirilir.

Bennettin telefon kitabçasında “OpenAI” CEO-su Sam Altman, İlon Mask və BMT Nüvə Agentliyi rəhbəri Rafael Qrossi kimi tanınmış şəxslərin məlumatları yer alıb. İddialara görə, Mossad və Şin Bet agentlərinin məlumatları da sızdırılmış ola bilər. Bundan əlavə, diplomatlar, iş dünyası liderləri və digər tanınmış şəxslərin əlaqə məlumatları da diqqət çəkir.

Bennett açıqlamasında telefonunun heklənmədiyini, lakin “Teleqram” hesabına müxtəlif yollarla giriş edildiyini bildirib. Sızıntının, onu “lider olaraq qəbul etməyən İsrail düşmənləri” tərəfindən həyata keçirildiyini vurğulayıb. O həmçinin onlayn paylaşılan məlumatların bir hissəsinin doğru, bir hissəsinin isə saxta olduğunu bildirib. İsrail təhlükəsizlik rəsmiləri məsələni araşdırır.