İsrailin qərarı Azərbaycanla diplomatik böhran yaradıb

İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarı Azərbaycan–İsrail münasibətlərində ciddi gərginlik yaradıb. İsrail mediasının məlumatına görə, Bakı qərarı “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirir və məsələnin Knessetdə qanunvericilik təşəbbüsünə çevrilməməsinə ümid edir.

9

İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarı Azərbaycan–İsrail münasibətlərində indiyədək ictimaiyyətə məlum olandan daha dərin diplomatik böhran yaradıb.

MSNews.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. “Ynet” nəşri rəsmi münasibətlərdən xəbərdar olan mənbələrə istinadən yazır ki, Bakı bu addımı İsrailin “qırmızı xətti keçməsi” kimi qiymətləndirir. Azərbaycan tərəfinin mövqeyinə görə, İsrail son illərdə, xüsusilə Qəzza müharibəsi dövründə Bakının göstərdiyi siyasi dəstəyi nəzərə almayıb və Azərbaycan üçün son dərəcə həssas olan məsələdə onun mövqeyini nəzərə almadan qərar qəbul edib.

İsrail hökuməti iyunun 28-də xarici işlər naziri Gideon Saarın təqdim etdiyi təklifi yekdilliklə qəbul edərək “erməni soyqırımı”nı tanımaq qərarını təsdiqləyib. İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında Saar bu addımı “tarixi həqiqətin tanınması” və “mənəvi borc” adlandırıb. Bununla belə, qərarın tam hüquqi qüvvə qazanması üçün Knessetdə də təsdiqlənməsi tələb olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi qərara sərt reaksiya verib. XİN-in açıqlamasında İsrail hökumətinin “qondarma erməni soyqırımı” ilə bağlı qərarının ciddi narahatlıq doğurduğu bildirilib və bu addım “tarixi faktların təhrif olunması” kimi qiymətləndirilib. Nazirlik İsrail tərəfini bu məsələ ilə bağlı qəbul etdiyi mövqeyi yenidən nəzərdən keçirməyə çağırıb.

İsrail mətbuatının məlumatına görə, qərar açıqlanandan sonra Gideon Saar azərbaycanlı həmkarı ilə əlaqə saxlayıb. Lakin Bakı bu danışığı məsləhətləşmə deyil, artıq qəbul edilmiş qərar barədə sonradan məlumatlandırma kimi qiymətləndirib. “Ynet” yazır ki, Azərbaycan hazırda böhranın daha da dərinləşməsini istəmir və ümid edir ki, məsələ Knesset səviyyəsində qanunvericilik təşəbbüsünə çevrilməyəcək.

İsrailli jurnalist Moşe Kohen də Azərbaycan–İsrail münasibətlərində gərginliyin artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın İsraildəki səfiri bir neçə gündür ölkəni tərk edib, Bakı isə qeyri-rəsmi kanallar vasitəsilə İsrailə kəskin etirazını çatdırıb. Kohen həmçinin bir sıra ortaq tədbirlərin ləğv edildiyini, Azərbaycanın İsrail tərəfinə Knessetin qərarı dəstəkləməməsinin ən doğru addım olacağını bildirdiyini iddia edib. Bu məlumatlar hələlik Azərbaycan və İsrailin rəsmi qurumları tərəfindən ayrıca təsdiqlənməyib.

Böhranın regional ölçüsü də diqqət çəkir. İsrailin bu addımı Türkiyə ilə münasibətlərin kəskin gərginləşdiyi bir dövrdə atılıb. Ankara qərarı rədd edib və bunu İsrailin Qəzzadakı fəaliyyətləri fonunda “siyasi motivli” addım kimi qiymətləndirib. İsrail tərəfi isə qərarın Türkiyənin etirazlarına baxmayaraq tarixi və mənəvi məsuliyyətdən irəli gəldiyini bildirir.

Azərbaycan üçün məsələ həm Türkiyə ilə strateji müttəfiqlik, həm də İsraillə uzun illər qurulan təhlükəsizlik, enerji və diplomatik əməkdaşlıq kontekstində həssasdır. İsrail mediasında yer alan şərhlərə görə, Bakı Tel-Əvivə açıq şəkildə çatdırıb ki, əgər İsrail Türkiyə ilə münasibətləri daha da gərginləşdirmək xətti seçərsə, Azərbaycan Türkiyənin yanında dayanmalı olacaq.

Hazırda tərəflər böhranın açıq diplomatik qarşıdurmaya çevrilməməsi üçün kanalları tam bağlamayıb. Lakin məsələ Knessetdə səsverməyə çıxarılarsa, Azərbaycan–İsrail münasibətlərində gərginliyin daha da artacağı istisna edilmir.