İsrailin müdafiə naziri HƏMAS liderini ölümlə hədələdi

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyyanı öldürməklə hədələyib. Kats Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb, Ankara isə ittihamlara cavab verib.

50

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyanı öldürməklə hədələyib. Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək verməkdə ittiham edərək Ankaranın hərəkatın fəaliyyətinə şərait yaratdığını iddia edib.

MSNews.az xəbər verir ki, Kats bu barədə oktyabrın 11-də “X” sosial şəbəkəsində paylaşım edib. “Europa Press” agentliyinin məlumatına görə, İsrail naziri HƏMAS rəhbərliyinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.

“Biz Qəzzada HƏMAS liderlərini öldürdük. Əl-Həyyanın da növbəsi çatacaq. O da Haniyə və tərəfdarlarının yanına göndəriləcək”, – deyə Kats hədələyib.

Nazir paylaşımında Türkiyə Prezidenti Ərdoğanla HƏMAS-ın öldürülmüş siyasi lideri İsmayıl Haniyənin, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Xəlil əl-Həyyanın görüşlərindən fotolar yayımlayıb.

Kats Ərdoğanı HƏMAS nümayəndələrini qəbul etməkdə və hərəkatın Türkiyədən fəaliyyət göstərməsinə dəstək verməkdə ittiham edib. “i24NEWS” telekanalı da nazirin açıqlamasını yayıb.

Açıqlama Türkiyənin xarici işlər naziri Hakan Fidanın oktyabrın 9-da Ankarada Xəlil əl-Həyya və HƏMAS nümayəndə heyəti ilə görüşündən sonra səsləndirilib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İsrail nazirinin bəyanatını pisləyib. O, Ərdoğana və Türkiyəyə qarşı ittihamları əsassız adlandıraraq sülh danışıqlarında iştirak edən şəxslərin hədəfə alınması ilə bağlı təhdidlərə etiraz edib.

HƏMAS da bəyanat yayaraq Katsın sözlərini pisləyib və onları İsrail hökumətinin siyasi mövqeyi ilə əlaqələndirib. “Ahram Online” nəşrinin məlumatına görə, hərəkat təhdidlərin rəhbərliyinin mövqeyini dəyişməyəcəyini bildirib.

Qeyd edək ki, İsrail 2025-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hava zərbəsi endirmişdi. Türkiyə Xarici İşlər Nazirliyi həmin hücumu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirərək pisləmişdi.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.