İsrailin 26 ildən sonra Bofor qalasına qayıtdığı iddia olunur

İsrail və Livan mediası İsrail ordusunun Litani çayını keçərək Bofor qalası istiqamətində nəzarəti bərpa etdiyini yazır. Məlumat hələ rəsmi şəkildə tam təsdiqlənməyib.

24

İsrail və Livan mediasında yayılan məlumatlara görə, İsrail Ordusunun bölmələri Livanın cənubunda əməliyyatları genişləndirərək Litani çayını keçib və şərq sektorunda yerləşən strateji Bofor qalası istiqamətində nəzarəti bərpa edib. Lakin qalaya tam nəzarətin bərpası ilə bağlı məlumat hələlik əsasən media hesabatlarına söykənir və bununla bağlı rəsmi, müstəqil təsdiq açıq şəkildə ortaya qoyulmayıb.

Xəbəri MSNews.az İsrailin “Kikar” portalına istinadən verir.

Reuters“-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu 29 mart 2026-cı ildə Livanın cənubunda əməliyyatların daha da genişləndirilməsi barədə göstəriş verib. Nəşr həmçinin yazır ki, İsrail daha əvvəl Litani çayına qədər uzanan “təhlükəsizlik zonası” yaratmaq niyyətini açıqlamışdı və bu addım bölgədə uzunmüddətli hərbi mövcudluq ehtimalları ilə bağlı narahatlıqları artırıb.

Bofor qalası, yaxud Qalat əl-Şəqif, Livanın cənubunda Litani çayına hakim yüksəklikdə yerləşən tarixi və hərbi baxımdan son dərəcə önəmli mövqedir. Qala İsrailin 1982-ci il Livan müharibəsindən sonra bölgədəki hərbi varlığının əsas simvollarından birinə çevrilmiş, onun 2000-ci ilin mayında boşaldılması isə İsrailin Livandan geri çəkilməsinin rəmzi hadisələrindən sayılmışdı.