İsrail və ABŞ kəşfiyyatı İranın yeni lideri Müctəba Xameneyini axtarır

İranın yeni lideri olduğu iddia edilən Müctəba Xameneyinin yeri hələ də məlum deyil. İsrail və ABŞ kəşfiyyatının onun izinə düşdüyü bildirilir.

27

İranda ali hakimiyyətə gəldiyi iddia olunan Müctəba Xameneyi hələ də ictimaiyyət qarşısına çıxmayıb və onun harada olduğu məlum deyil. Britaniyanın “The Telegraph” nəşrinin məlumatına görə, atasının – Əli Xameneyi – ölümündən sonra ölkənin ali dini-siyasi rəhbərliyinə keçdiyi iddia edilən Müctəba Xameneyinin gizli yerdə saxlanıldığı ehtimal olunur.

Nəşr İrandakı məlumatlı mənbələrə istinadən bildirir ki, hətta İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində yüksək rütbəli komandirlər belə yeni liderin dəqiq harada olduğunu bilmirlər. Bu isə ölkə daxilində müxtəlif fərziyyələrin yayılmasına səbəb olub. Bəzi versiyalara görə, o, fevralın sonunda ABŞ və İsrailin zərbələri zamanı yaralanıb. Digər ehtimala əsasən isə təhlükəsizlik səbəbilə dərin yeraltı bunkerdə gizlədilib.

Hərbi analitiklər bildirirlər ki, regionda açıq hərbi əməliyyatlarla yanaşı, paralel olaraq genişmiqyaslı kəşfiyyat qarşıdurması da davam edir. İsrail hərbi kəşfiyyatı – “Aman” – strukturunda İran istiqaməti üzrə keçmiş rəhbər vəzifəsində çalışmış Dani Sitrinoviç qeyd edib ki, Vaşinqton və Qüdsün strategiyası İran rəhbərliyinə qarşı həm hərbi, həm də gizli əməliyyatların kombinasiyasına əsaslanır.

Qərb analitiklərinin sözlərinə görə, ABŞ bu prosesdə peyk kəşfiyyatı, kiber əməliyyatlar və rabitə kanallarının ələ keçirilməsi kimi texnoloji imkanları təmin edir. İsrail isə İran daxilində illərdir formalaşdırdığı geniş agentura şəbəkəsinə güvənir. Bu şəbəkə daha əvvəl İranın nüvə proqramı ilə bağlı alimlərə qarşı sui-qəsdlər və 2018-ci ildə Tehranın məxfi nüvə arxivinin ələ keçirilməsi kimi əməliyyatlarda effektivliyini göstərib.

Bu arada, İran təhlükəsizlik qurumları əks-kəşfiyyat tədbirlərini gücləndirib. Casusluqda şübhəli bilinən bir sıra şəxslərin saxlanıldığı, həmçinin sosial şəbəkələr vasitəsilə xaricdə yeni informasiya mənbələrinin cəlb edilməsinə çalışıldığı bildirilir.

Ekspertlər hesab edir ki, raket zərbələri və açıq hərbi manevrlərlə yanaşı, xüsusi xidmət orqanlarının görünməz müharibəsi də qarşıdurmanın taleyində həlledici rol oynaya bilər.