İsrail ordusunun atəşkəsi pozaraq Qəzza zolağına endirdiyi son hava zərbələri nəticəsində ilkin məlumata görə 12 fələstinli həlak olub, bir neçə nəfər yaralanıb. Məlumat yerli səhiyyə mənbələrinə istinadən yayılıb.
Bildirilir ki, zərbələr Qəzzanın şimalındakı Cəbəliyyədə məcburi köçkünlərin sığındığı çadıra və cənubdakı Xan Yunisdə mülki şəxslərin toplandığı əraziyə endirilib. Hər iki hücum zamanı ümumilikdə 10 nəfər həyatını itirib. Qəzza şəhərinin qərbində yerləşən Tel əl-Həva bölgəsində həyata keçirilən hava zərbəsində daha bir nəfər ölüb, bir nəfər yaralanıb. Şimaldakı Beyt Lahiyə istiqamətində endirilən zərbə nəticəsində isə bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri Qəzza şəhərinin şərq hissələrini, eləcə də zolağın mərkəz və cənub bölgələrini artilleriya atəşinə tutub, Rəfah şəhərinin şimalında isə intensiv atəş açılıb. Cəbəliyyə Qaçqın Düşərgəsində bəzi evlərin partlayıcılarla dağıdıldığı da bildirilir.
Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 2023-cü ilin oktyabrından bəri davam edən hücumlar nəticəsində ölənlərin ümumi sayı 72 min 61-ə, yaralananların sayı isə 171 min 715-ə yüksəlib. Rəsmi məlumatda qeyd olunur ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsdən bu yana 601 nəfər həlak olub, 1607 nəfər yaralanıb, yüzlərlə cəsəd dağıntılar altından çıxarılıb.

Bu arada İsrail ordusunun işğal altındakı Batı Şəriədə keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 19 fələstinlinin saxlanıldığı bildirilib. Yerli mənbələr evlərdə axtarış aparıldığını, əmlaka zərər yetirildiyini və saxlanılanların müxtəlif yaşayış məntəqələrindən götürüldüyünü qeyd edir.
Regionda gərginlik atəşkəsə baxmayaraq davam edir və tərəflər arasında qarşıdurmanın yenidən genişmiqyaslı mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqlar artır.