İsrail ordusu tarixində ən genişmiqyaslı hava zərbəsini endirib

İsrail Ordusu 200-ə yaxın qırıcı ilə İranın 500-ə yaxın hədəfinə zərbə endirildiyini açıqlayıb. Təbriz yaxınlığındakı baza və raket infrastrukturu hədəflər arasında olub.

48

İsrail Ordusu (SAXAL) İsrail Hərbi Hava Qüvvələrinin tarixində ən böyük zərbə uçuşunun başa çatdığını açıqlayıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat hərbi kəşfiyyatın dəstəyi və operativ idarəetmə ilə koordinasiya şəraitində həyata keçirilib.

Bildirilib ki, təxminən 200 qırıcı təyyarə İranın qərb və mərkəzi bölgələrində raket şəbəkəsinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Əməliyyat çərçivəsində 500-ə yaxın hədəf üzrə yüzlərlə sursat buraxılıb. Hədəflər arasında raket buraxılış qurğuları və HHM elementləri də yer alıb.

Ordunun açıqlamasına əsasən, zərbə endirilən obyektlər arasında Tabriz yaxınlığındakı hərbi baza da var. Həmin ərazidə “yer-yer” tipli raket bölməsinin yerləşdiyi və məhz oradan İsrailin arxa cəbhəsinə onlarla raketin buraxılmasının planlaşdırıldığı iddia olunur.

SAXAL vurğulayıb ki, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi İran üzərində hava üstünlüyünün genişləndirilməsinə və raket infrastrukturuna ciddi zərbə vurulmasına imkan yaradıb. İranın hava məkanında əməliyyatların davam etdiyi bildirilir.

Qeyd olunub ki, cəlb olunan qüvvələrin miqyası və hədəflərin sayı kampaniyanın sistemli xarakter daşıdığını göstərir və söhbət nöqtəvi zərbələrdən deyil, raket potensialının ardıcıl şəkildə sıradan çıxarılmasından gedir.