İsrail HƏMAS-a 72 saat vaxt verib: Qəzzada çərpələnglərə görə eskalasiya xəbərdarlığı

İsrail Qəzzadan çərpələng buraxılışlarının 72 saat ərzində dayandırılmasını tələb edib və əks halda hərbi əməliyyatları kəskin genişləndirəcəyi barədə xəbərdarlıq edib. Tələb ABŞ-ın dəstəklədiyi Sülh Şurasına çatdırılıb.

8

İsrail Qəzza sektorundan öz ərazisinə çərpələnglərin buraxılmasının 72 saat ərzində dayandırılmasını tələb edib və əks halda Qəzzada hərbi əməliyyatların ciddi şəkildə genişləndiriləcəyi barədə xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, İsrailin ictimai yayımçısı “KAN News” bu tələbin ABŞ-ın dəstəklədiyi Sülh Şurasına – Board of Peace çatdırıldığını bildirib. İsrail rəsmisinin “The Jerusalem Post”-a verdiyi məlumata görə, İsrail bazar günü Şuraya bildirib ki, buraxılışlar 72 saat ərzində dayandırılmasa, Qəzzadakı əməliyyatların miqyası artırılacaq.

Sülh Şurası daha sonra mesajı Misir, Qətər və Türkiyə vasitəsilə HƏMAS-a çatdırıb. Şuranın nümayəndəsi Qəzzada İsrailə yönəlmiş bütün hərbi fəaliyyətin, o cümlədən çərpələng buraxılışlarının dayandırılmalı olduğunu bildirib. Eyni zamanda, qurum İsrailin də atəşkəsə əməl etməli olduğunu və hərbi gücün yalnız “real və qaçılmaz təhlükələrə” cavabla məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

İsrail təhlükəsizlik strukturları son günlər Qəzzadan buraxılan çərpələnglərin arxasında HƏMAS-ın dayandığını və bunun İsrailin reaksiyasını sınaqdan keçirmək məqsədi daşıdığını iddia edir. Lakin bu iddia müstəqil şəkildə təsdiqlənməyib. HƏMAS isə çərpələnglərin əsasən uşaqlar tərəfindən əyləncə məqsədilə uçurulduğunu və İsrailin məsələni yeni hücumlara bəhanə kimi istifadə etdiyini bildirir.

“Reuters” qeyd edir ki, son bir ayda Qəzzadan İsrailə keçən bir neçə çərpələngdə yanar və ya partlayıcı maddə qeydə alınmayıb. Buna baxmayaraq, onlar 2023-cü il 7 oktyabr hücumlarının baş verdiyi sərhədyanı yaşayış məntəqələrində narahatlıq yaradıb.

Qəzzadakı düşərgə və sığınacaqları idarə edən yerli komitələr də valideynlərə uşaqlarının çərpələng uçurmasına imkan verməmək barədə çağırış edib. “Reuters”in HƏMAS mənbəsinə istinadən məlumatına görə, bu çağırış HƏMAS hakimiyyəti ilə koordinasiya olunub. Komitələr qərarı uşaqların həyatını qorumaq istəyi ilə izah ediblər.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, şar və PUA buraxılışlarının davam edəcəyi təqdirdə buna cavabdeh hesab olunan şəxslərə zərbələrin artırılacağını və buraxılışların həyata keçirildiyi ərazilərin təxliyə edilə biləcəyini bildirmişdilər.