İsrailli şirkətlər “CARINT” texnologiyası ilə avtomobilləri kəşfiyyat alətinə çevirir

46

İsrailin nüfuzlu nəşrlərindən olan “Haaretz qəzetinin araşdırmasına görə, İsrailli texnologiya şirkətləri “CARINT” (Car Intelligence – avtomobil kəşfiyyatı) adlandırılan yeni nəzarət və məlumat toplama sistemi üzərində çalışır. Bu texnologiya vasitəsilə avtomobillərdən real vaxt rejimində məlumat əldə etmək və onları kəşfiyyat məqsədilə istifadə etmək mümkün olur.

Araşdırmada bildirilir ki, bu sahədə diqqət çəkən şirkətlərdən biriToka”dır. Şirkətin təsisçiləri arasında İsrailin sabiq baş naziri Ehud Barak və keçmiş hərbi kiber təhlükəsizlik komandiri Yaron Rozenin də adı çəkilir.

Müasir avtomobillərin internet, SIM kart, Bluetooth, Wi-Fi və GPS sistemləri ilə təchiz olunması sürücülər üçün rahatlıq yaratsa da, eyni zamanda məxfilik və milli təhlükəsizlik baxımından risklər yaradır.

Məlumata görə, “Toka” avtomobillərin multimedia sistemlərinə daxil olaraq mikrofon və kameralara uzaqdan çıxış imkanı yaradan texnologiyalar hazırlayıb. Bu sistem vasitəsilə sürücünün danışığı dinlənilə, avtomobilin yerləşdiyi mövqe izlənilə və hətta nəqliyyat vasitəsinin hərəkət trayektoriyası analiz edilə bilər.

Qeyd olunur ki, İsrail Müdafiə Nazirliyi şirkətin bəzi məhsullarına ixrac icazəsi verib. Şirkət isə hazırda həmin konkret məhsulu satmadığını bildirib.

Araşdırmada adı hallanan digər şirkət Rayzone”dur. Bildirilir ki, şirkət müxtəlif mənbələrdən məlumat toplayaraq onları analiz edən nəzarət sistemləri təklif edir.

Rayzone-un törəmə şirkəti olan TA9″ isə avtomobillərdən əldə edilən məlumatları süni intellekt alqoritmləri ilə emal edərək geniş kəşfiyyat profili yaradır. Bu sistemlər vasitəsilə avtomobildəki SIM kartlar, simsiz şəbəkələr və Bluetooth bağlantıları üzərindən hədəflər real vaxtda izlənilə bilir.

Bundan əlavə, ABŞ-ın məlumat analitik şirkəti Palantir Technologiesin nömrə nişanları və nəqliyyat qeydiyyat məlumatlarını digər bazalarla inteqrasiya edə bildiyi vurğulanır. ABŞ-da fəaliyyət göstərən Berla Corporation” şirkətinin isə avtomobil məlumatlarını təhlil edərək İsrailin Cellebrite” və “Rayzone” kimi şirkətlərə ötürdüyü iddia edilir.

Materialda qeyd olunur ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) və Milli Təhlükəsizlik Agentliyi (NSA) kimi qurumları da texnologiya şirkətlərindən istifadəçi məlumatları tələb etdiyi kimi, avtomobil istehsalçılarından da məlumat əldə edə bilir.

Bu halda sürücünün elektron poçt ünvanı, sosial media hesabları, hərəkət marşrutu və sürücülük vərdişləri bir sistem daxilində əlaqələndirilə bilər.

Avtomobil üzərində tam nəzarət mümkündür?

Araşdırmada təhlükəsizlik mütəxəssislərinin avtomobillərin rəqəmsal sistemlərinə müdaxilə imkanlarını nümayiş etdirdiyi də vurğulanır. Bildirilir ki, nəzəri və praktiki testlər zamanı bəzi hallarda:

  • Sükan sisteminə uzaqdan təsir göstərmək,

  • Mühərriki dayandırmaq,

  • Əyləc və digər sistemləri manipulyasiya etmək

mümkün olub.

Mütəxəssislər hesab edir ki, müasir avtomobillər artıq sadəcə nəqliyyat vasitəsi deyil, eyni zamanda böyük həcmdə məlumat istehsal edən mobil rəqəmsal platformalardır. Bu isə dövlətlər arasında yeni “rəqəmsal nəzarət yarışının” formalaşmasına səbəb olur.