İsrail “Avroviziya”da nəticələrə təsir üçün kampaniya aparıb

“The New York Times” araşdırmasına görə, İsrail hökuməti “Avroviziya”nı yumşaq güc alətinə çevirmək üçün reklam, diplomatik təzyiq və səsvermə çağırışlarından ibarət koordinasiyalı kampaniya aparıb.

“The New York Times” qəzetinin araşdırması İsrailin “Avroviziya” mahnı müsabiqəsində nəticələrə təsir göstərmək və müsabiqəni yumşaq güc platformasına çevirmək üçün illərdir koordinasiyalı kampaniya apardığını üzə çıxarıb.

Araşdırmaya görə, Baş nazir Benyamin Netanyahu hökuməti “Avroviziya” ilə bağlı marketinq fəaliyyətlərinə ən azı 1 milyon dollar xərcləyib. Bu vəsaitin bir hissəsinin İsrailin xaricə yönəlmiş “hasbara” təbliğat strukturları vasitəsilə ayrıldığı bildirilir. Təkcə 2024-cü ildə Malmödə keçirilən müsabiqə ilə bağlı reklam xərclərinin 800 min dollardan çox olduğu qeyd olunur.

Xəbəri “Middle East Monitor”-a istinadən təqdim edirik.

Araşdırmada bildirilir ki, İsrail hökuməti və ona bağlı qurumlar tamaşaçıları İsrail təmsilçilərinə səs verməyə çağıran çoxdilli reklam kampaniyaları aparıblar. “Eurovision News Spotlight”ın açıq mənbə analizinə görə, İsrail Hökumət Reklam Agentliyi “Google” məhsullarında reklamlar yerləşdirib, həmin materiallarda isə tamaşaçılara İsrail təmsilçisinə 20 dəfəyə qədər səs verməyin mümkün olduğu xatırladılıb. Kampaniya çərçivəsində 35 ölkəyə yönəlmiş çoxdilli videolar yayımlanıb və bu videolar milyonlarla baxış toplayıb.

“Reuters” də yazır ki, İsrail Xarici İşlər Nazirliyinin idarə etdiyi “Israel” X hesabında İsrail təmsilçisinə səs verməyə çağıran paylaşımlar edilib və izləyicilərə “20 dəfəyə qədər səs verə biləcəkləri” xatırladılıb. Tənqidçilər bunu dövlət səviyyəsində qeyri-mütənasib təşviqat kimi qiymətləndiriblər. Avropa Yayım Birliyi — EBU isə sonradan məhz bu tip narahatlıqlardan sonra səsvermə qaydalarını dəyişərək bir nəfərin verə biləcəyi maksimum səs sayını 20-dən 10-a endirib və yarımfinal mərhələsinə peşəkar jüri səsverməsini geri qaytarıb.

NYT-in araşdırmasına görə, kampaniya yalnız reklamlarla məhdudlaşmayıb. İsrail diplomatları və səfirlik nümayəndələrinin də Avropa yayımçıları ilə əlaqələrdə ölkənin müsabiqədə saxlanılması üçün fəallıq göstərdiyi bildirilir. “Middle East Monitor”-un NYT araşdırmasına istinadən yazdığına görə, Netanyahu özü də sosial media hesabında səsvermə qrafikləri paylaşaraq izləyiciləri İsrail təmsilçisinə dəstək verməyə çağırıb.

Bu kampaniyalar İsrailin müsabiqədəki nəticələri ətrafında ciddi suallar yaradıb. “Reuters”-in məlumatına görə, 2025-ci ildə İsrail təmsilçisi Yuval Rafael ümumi nəticədə ikinci yeri tutub, lakin bəzi yayımçılar və siyasətçilər tamaşaçı səsverməsinin şəffaflığı ilə bağlı narahatlıqlarını ifadə ediblər. İddialara görə, dövlət təşviqatı İsrailin ictimai səsvermədə yüksək nəticə göstərməsinə təsir edə bilərdi. İsrail tərəfi isə bu ittihamları şərh etməyib və ümumilikdə özünə qarşı qlobal qarayaxma kampaniyası aparıldığını bildirir.

EBU narahatlıqlara cavab olaraq qaydaları sərtləşdirsə də, İsrailin 2026-cı il müsabiqəsində iştirakını qadağan etməyib. “The Guardian” yazır ki, qurum İsraili müsabiqədən kənarlaşdırmaq əvəzinə səsvermə qaydalarında dəyişiklik etməklə kifayətlənib. Bu qərardan sonra İslandiya, İrlandiya, Niderland, İspaniya və Sloveniya 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya”da iştirak etməyəcəklərini açıqlayıblar.

2026-cı il “Avroviziya”sı mayın 12, 14 və 16-da Vyanadakı “Wiener Stadthalle”də keçiriləcək. Rəsmi məlumata görə, builki yarışda 35 yayımçı iştirak edəcək. Lakin İsrailin iştirakı ətrafında yaranan siyasi böhran, boykotlar və səsvermə manipulyasiyası ilə bağlı iddialar müsabiqənin “apolitik musiqi bayramı” imicini ciddi sınaq qarşısında qoyub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.