İrandakı müharibə konteyner bazarını “Vəhşi Qərb” dövrünə qaytarır

Yaxın Şərqdə müharibə səbəbindən qlobal konteyner daşımaları böhran yaşayır. Gəmiçilik şirkətləri əlavə rüsumlar tətbiq edir və marşrutları dəyişir.

25

Yaxın Şərqdə, xüsusilə İranda artan hərbi gərginlik qlobal dəniz daşımalarında ciddi böhran yaradıb. “Financial Times” nəşrinin məlumatına görə, dünyanın aparıcı gəmiçilik şirkətləri – MSC, Maersk, CMA CGM və Hapag-Lloyd – müştərilərinə risklərlə bağlı xəbərdarlıq edib.

Bildirilir ki, şirkətlər zərurət yaranacağı təqdirdə XIX əsrdən qalan bir qaydanı tətbiq edə bilər. Bu qaydaya əsasən, konteynerlər yük sahibinin hesabına ən yaxın limanda boşaldıla bilər.

Hörmüz boğazının faktiki bağlanması və Qırmızı dənizdə təhlükəsizlik risklərinin artması dəniz nəqliyyatına ciddi təsir göstərib. İranla bağlı gərginlik, həmçinin husilərin hücum təhlükəsi marşrutların dəyişdirilməsinə və sifarişlərin dayandırılmasına səbəb olub.

Eyni zamanda, Cəbəl-Əli limanında baş verən yanğın reyslərin ləğvinə və logistika zəncirində tıxaclara yol açıb.

Nəşrin yazdığına görə, hərbi risklərdən sığorta xərclərinin və yanacaq əlavələrinin artması nəticəsində bəzi marşrutlarda daşıma qiymətləri dörd dəfə yüksəlib. Mövcud vəziyyət konteyner bazarını faktiki olaraq “Vəhşi Qərb” şəraitinə qaytarıb.

Yanacaq qiymətlərinin kəskin artımı fonunda şirkətlər əlavə rüsumlar tətbiq etməyə başlayıb. Ayın sonundan etibarən Maersk, CMA CGM, Hapag-Lloyd və MSC uzaq məsafəli daşımalar üçün hər konteynerə görə 160-400 dollar arasında əlavə ödəniş tətbiq edəcək.