İranda qadınların məcburi hicab qanununa qarşı etirazı getdikcə daha geniş vüsət alır. Paytaxt Tehrandan tutmuş digər iri şəhərlərə qədər bir çox qadın ictimai yerlərdə başörtüsüz görünməkdən çəkinmir.
“The Washington Post” qəzetinin yazdığına görə, hazırda hökumət bu vəziyyətə qarşı əvvəlki kimi kütləvi həbslərə və cəza tədbirlərinə əl atmır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi hakimiyyətin yeni narazılıq dalğasından və sosial gərginliyin yenidən artmasından ehtiyat etməsidir.
Bununla belə, ölkə daxilindəki mühafizəkar dairələr və dini qruplar hökuməti hicab qaydalarını daha ciddi şəkildə tətbiq etməyə çağırır. Onlar hesab edirlər ki, başörtüsündən imtina ölkənin “əxlaqi və dini dəyərlərinə təhdid” yaradır.
Tehranda çəkilən son görüntülərdə gənc qadınların başörtüsüz şəkildə küçələrdə gəzdiyi, ictimai nəqliyyatdan və kafelərdən sərbəst istifadə etdiyi görünür. Qeyd olunur ki, bu, yalnız fərdi etiraz deyil, həm də ictimai azadlıqların genişlənməsi uğrunda səssiz mübarizənin forması kimi qiymətləndirilir.
Sosial müşahidəçilərin fikrincə, İran cəmiyyətində qadınların rolu və azadlığı ilə bağlı mövzu artıq təkcə dini deyil, həm də siyasi və sosial məsələ halını alıb.
Məqalədə vurğulanır ki, hökumətin sərt tədbirlərdən çəkinməsi həm daxili sabitliyin qorunmasına yönəlib, həm də beynəlxalq ictimaiyyətin tənqidindən yayınmaq məqsədi daşıyır.